Ukraynada “azı dişi” sındırılan Rusiyanın Azərbaycana “diş” qıcaması
Uzun müddətə Ukrayna bataqlığına girmiş, faktiki müttəfiqsiz qalmış Rusiya arada vaxt tapıb bizə, tək-tük sadiq və əvəzsiz tərəfdaşlarından olan Azərbaycana da ağız atır, “sındırılmış dişini” göstərir. Özü də haqsız yerə. Rusiya Müdafiə Nazirliyinin Qarabağda son baş verənlərlə bağlı yaydığı press-reliz bu xüsusda bir azca gözlənilməz olmaqla yanaşı, əslində təəccüblü də sayılmaz.
Bu həmin Rusiyadır. Götürdüyü şifahi, yazılı öhdəliklərə asanca tüpürən Rusiya! Heç vaxt qardaş Türkiyə kimi sözübütöv, ciddi dövlət ola bilməyən, başqa dövlətlərə və xalqlara həmişə yuxarıdan-aşağı baxan Rusiya! 1994-cü ildə Budapeşt anlaşması ilə SSRR-dən qalma nüvə başlıqlarının qaytarılması qarşılığında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə yazılı zəmanət verən, lakin 20 il sonra Krımı ilhaq edib bu gün Ukraynanın şəhər və kəndlərini xarabazarlığa çevirən, xalqını soyqırımına məruz qoyan Rusiya!
Hər şey qırağa, bəs mürəkkəbi təzəcə qurumuş, iki ölkə liderinin imzaladığı (22.02.2022) Moskva Bəyannaməsi necə oldu? Həmin sənədin başqa bəndələrini demirik. Ərazi bütövlüyünə hörmət və separatçılıqla birgə mübarizəni nəzərdə tutan 1-çi və 18-ci bəndləri nə tez unuduldu? Onları yenə yada salaqmı?
Siyasi ikiüzlülüyün növbəti sübutu üçün bir daha xatırladaq.
Bənd 1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Bənd 18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Elə isə Rusiya Müdafiə Nazirliyi nə çərənləyir? Nədən Qarabağdakı erməni qanunsuz silahlı quldur dəstələri və terrorçularını israrla legitimləşdirməyə çalışır, onları yenə öz açıqlamasında heyrətamiz həyasızlıqla “Qarabağdakı silahlı birləşmələr” adlandırır (daha əvvəl hətta “ordu” adlandırırdı)? Niyə mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsi işlədir, Azərbaycan xalqı və dövlətinə sayğısızlıq edir, ərazi bütövlüyümüzü şübhə altına qoyur?! Rusiya üçün imzaladığı beynəlxalq sənədlərin qara qəpiklik də dəyəri qalmayıb?!
Düşünmürük ki, bu – sırf Şoyqunun nazirliyinin bizə qarşı özfəaliyyətidir. Çünki ardınca Rusiya XİN-i də oxşar bəyanat yaydı…
Azərbaycan Müdafiə Nazirliyinin bütün bunlara sərt və operativ cavabı tam yerində. Məsələ də bundadır ki, 10 noyabr (2020) kapitulyasiya altına əsasən (4-cü bənd) erməni işğalçı ordusunun qalıqları və silahlı separatçılar çoxdan ərazimizdın çıxarılmalı və ya tərksilah edilməli idi. Amma əksinə, Rusiyanın silahlı “sülhməramlıları” get-gedə onlarla az qala qardaş, ət-dırnaq kimi olur. Bu riyakarlığın adı nə? Rus hərbçiləri ərazimizə guya mülki erməni əhalisini qorumağa gəliblər, yoxsa qanunsuz quldur dəstələrini? Kim onlara bu haqqı verib? Hansı sənəddə, razılaşmadan belə bir şey var? Nəhayət, bir ölkədə iki ordu ola bilərmi? Rusiya öz ərazisində ikinci ordunun mövcudluğuna razı olarmı?
Sonra. Rusiya MN-i utanmazcasına Azərbaycanı 10 noyabr anlaşmasını pozmaqda qınayır. “Oğru elə bağırdı ki…” Bəs öz gözünüzdəki tiri nə vaxt görəcəksiz? Putinin də imzası duran üçtərəfli sazişin 4-cü, ən mühüm bəndi niyə 17 aydır yerinə yetirilmir? Bacarmırsızsa, istəmirzzsə, o zaman bunu özümüz edək. Yoxsa ki, Azərbaycanın səbri ilə oynamaq yetmədimi? Ya bəlkə Qarabağa əbədi gəldiyinizi, Azərbaycanın isə Gürcüstan, Moldova, Ukrayna kimi zəif, kimsəsiz, arxasız olduğunu xəyal edirsiniz?
Əlbəttə ki, “ilana zəhər verən kərtənkələ”lər olmasa, erməni də Qarabağda bu qədər qudurmaz. Biz tərəfə hürməz, yumruq silkələməz, güllə atmaz. Moskvada unutmasınlar ki, bu faktlar uzağı 3 il sonra Rusiya “sülhməramlı” hərbçilərinin ərazimizdən geri göndərilməsi üçün tam kifayət edəcək. Qarabağda Rusiyasız-filansız sülh və sabitliyin bərqərar olmasının ən bəsit yolu isə çoxdan məlum: ordakı qanunsuz silahlı quldur dəstələrinin neytrallaşdırılması və Azərbaycanla Ermənistan arasında gecikmədən, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını da ehtiva edən sülh müqaviləsinin imzalanması.
Görəsən Bakının bu tələbində qanunsuz, beynəlxalq hüquqa zidd nə var? İmzaladığı sənədləri anındaca unudan Rusiya bizə açıq desin: kimin tərəfindədir? Ukraynada “köpək dişi” sındırılan, gündən-günə zəifləyən və rüsvay olan, təklənmiş durumda olan şimal qonşu Azərbaycanı damı itirmək istəyir?..