Ukraynada Rusiyaya əsir düşən Azərbaycan vətəndaşları…

Şəmsəddin Əliyev: “Yalnız hüquqa hörmət edən dövlətlər belə müraciətlərə diqqətlə yanaşır”

Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakının cinatyət olduğu barədə xəbərdarlıq yayıb. Baş prokurorluq son dövrlər Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycan Respublikasının bəzi vətəndaşlarının da iştirak etməsi hallarının müşahidə olunduğunu bildirib.

“Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var. Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının həyatının, təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsə münasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasında qətiyyətli və barışmaz mövqe nümayiş etdirir”, – məlumatda bildirilir.

Baş Prokurorluğun rəsmi xəbərdarlığı, bunu cinayət adlandırması müharibəyə qoşulan azərbaycanlıların bundan sonrakı sayına necə təsir edəcək? Xəbərdarlıq vətəndaşları bundan çəkindirəcəkmi?

“Güman edilir ki, bundan sonra Azərbaycan vətəndaşları Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxaracaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, sözügedən məsələdə bir az gecikmişik: “Çünki çox həssas məsələdir. Ona görə ki, Rusiya 4 ildir Ukraynada müharibə aparır. Bu illər ərzində Azərbaycan vətəndaşları olan şəxslər orada hərbi əməliyyatlara qoşulub. Azərbaycan vətəndaşlarının müxtəlif formada müharibəyə cəlb edilməsi ehtimalı var. Miqrantları aldatmaqla, hədələməklə müharibəyə cəlb ediblər. Belə səbəblər də var. Ancaq bütövlükdə, Baş Prokurorluğun məlumatı, bunu cinayət adlandırmasının tərəfdarıyam. Çünki ölkə Konstitusiyasının 12-ci maddəsində Azərbaycan dövlətinin ali məqsədi sadalanıb. Bu baxımdan Azərbaycan vətəndaşları dünyanın hər yerində yaşaya bilər. Təbii ki, qanun çərçivəsində. Ancaq bu o demək deyil ki, hardasa hərbi əməliyyat gedəndə Azərbaycan vətəndaşı ora qoşulmalıdır. Bu, qanuna zidd haldır. Onu da qeyd edim ki, belə qanunsuz hərbi birləşmələrdə iştirak edən bəziləri haqqında artıq Baş Prokurorluqda cinayət işi açılıb. Belə qadağan olunan əməlləri törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər. Hesab edirəm ki, bu, digər Azərbaycan vətəndaşlarına görk olmalıdır. Nəzərə almaq lazımdır ki, Rusiyada 2 milyon nəfərdən çox azərbaycanlı yaşayır. Onların bir qismi Rusiya vətəndaşıdır. Digərləri isə Azərbaycan vətəndaşıdır. Güman etmirəm ki, Rusiya tərəfi Baş Prokurorluğun xəbərdarlığına diqqətlə yanaşsın. Çünki Rusiya reallıqda hüquqi dövlət deyil. Yalnız hüquqa hörmət edən dövlətlər belə xəbərdarlıqlara diqqətlə yanaşırlar. Zaman-zaman Rusiya beynəlxalq öhdəlikləri pozub. Ancaq güman edilir ki, bundan sonra Azərbaycan vətəndaşları Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxaracaqlar”.

Vidadi ORDAHALLI

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button