Ukraynada Suriya planı: Putin “Yanukoviç kartı”nı işə salır – Şərh

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Vladimir Zelenskini nəyin bahasına olursa-olsun qanı dayandırmağa çağırıb.

“Mən çox gözəl başa düşürəm ki, sizin çoxlu “məsləhətçilər”iniz var, lakin şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbasda və Rusiyada sizdən gözlənilən budur”.

Yanukoviç bildirib ki, Ukrayna xalqı və Kiyevin Qərbdəki tərəfdaşları belə bir addıma görə minnətdar olacaqlar.

“Vladimir Zelenskiyə prezidentlik və hətta bir az atacasına müraciət etmək istəyirəm. Vladimir Aleksandroviç, sən yəqin ki, əsl qəhrəman olmaq arzusundasan! Amma qəhrəmanlıq nümayişkaranəlik deyil, son ukraynalıya qədər döyüşmək deyil, insanların həyatını xilas etmək naminə fədakarlıqda, öz qürur və ambisiyaları üzərində qələbə çalmaqdadır” , – Yanukoviç belə deyib.

O qeyd edib ki, hazırda vətənində baş verənləri ağrı ilə qəbul edir və ukraynalıların dözmək məcburiyyətində qaldıqları əzablara dərin rəğbət bəsləyir.

Eyni zamanda o vurğulayıb ki, hər hansı bir faciədə elə bir məqam var ki, onu hələ də dayandırmaq olar: “İlk gündən Ukraynada müharibəni dayandırmağa söz verdiniz və buna görə də bütün Ukrayna sizi dəstəklədi. Siz dünyanın prezidenti ola bilərdiniz, amma təəssüf ki, bu baş vermədi”.

Qeyd edək ki, son günlər Rusiyanın Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi hakimiyyət başına qaytarmaq planları barədə məlumatların sayı artır. Hətta Yanukoviçin fevralın 7-də Rusiyadan xüsusi təyyarə ilə Belarusa getdiyinə dair məlumatlar var. Yəni Yanukoviçin müşahidə olunan fəallaşması sözügedən məlumatın doğruluğunu təsdiqləyir.

Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirdi ki, “Yanukoviç kartı”nı işə salmaqla müharibədə itkilərinin sayını azaltmağa və separatizmi körükləməyə çalışır:

“Əsas hədəf isə Yanukoviçin vasitəsilə Ukraynada ikinci Belarus senarisini həyata keçirməkdir. Lakin Suriyadakı müharibənin Ukraynada təkrar olunması bunu çətinləşdirəcək. Rəsmi Kiyevin mövqeyi məlumdur. Bu, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxması, separatçı qurumlardan imtina edilməsindən ibarətdir. Amma Yanukoviçin müraciətinə başqa istiqamətdən də baxmalıyıq. Belə ki, Yanukoviçdən öncə, Çeçenistan rəhbəri Ramzan Kadırovun Prezident Zelenskiyə müraciəti yayıldı. Əslində, bu bir mərhələnin yekunlaşması və yeni mərhələnin başlanmasına işarədir.

Fikrimcə, bu müraciətlər Rusiyanın yeni hücumları ərəfəsində həm Ukrayna xalqının, həm də beynəlxalq ictimaiyyət qarşısında mövqelərini əsaslandırmağa xidmət edir. Söhbət Yanukoviçin hakimiyyətə gətirilməsi ilə bağlı ideyanın yenilənməsindən gedir. Rusiya “Maydan hərəkatı” nəticəsində devrilmiş Yanukoviç üzərindən ikinci Lukaşenko formalaşdırmaq istəyir. Belə də olacaq. Lakin müraciətin mahiyyəti məsuliyyətin Rusiyanın üzərindən götürüməsinə hesablanıb. Ona görə də Yanukoviçin adından çağırışlar, “tövsiyələr” edilir. Rusiya bunun üzərindən Zelenskinin arxasındakı güclərə də mesaj vermiş olur.

Artıq danışıqların üçüncü raundu da nəticə verməyib. Şəhərlərin bombalanması, Zelenskinin qan bahasına hakimiyyətdən devrilməsi kontekstində insanların məhvi, müharibə cinayətlərinə məruz qalmasına paralel olaraq, Putinin Haaqa Məhkəməsinə verilməsi fonunda bu müraciətləri yayırlar. Rusiyanın Ukrayna senarisi məlumdur. Bu, Ukraynanı tamamilə ələ keçirmək, Yanukoviçi hakimiyyətə gətirmək, müxalif qrupları tamamilə ölkədən çıxartmaqdan ibarətdir. Bu, onların planıdır. Amma biz Qərb tərəfindən nə görürük? Zelenskinin ifadələri nə ilə bağlıdır?

İndiki halda Rusiya hesab edir ki, Yanukoviçin çıxışı təsiredici ola bilər. Zelenski üzərindən belə bir addım atılsa, Rusiya müharibəni daha az itkilərlə, qalib şəkildə başa vura bilər. Yəni buna Ukrayna daxilində separatizmi körükləmək üçün öz tərəfdarlarına verilən mesaj kimi də baxmaq olar. Amma biz görürük ki, bunun nəticəsi müharibənin daha da şiddətlənməsinə gətirib çıxarır. Ukraynanın mərkəzi şəhərlərində Zelenskinin tərəfdarları və Avropadan gələn muzdluların iştirakı ilə şəhər döyüşlərinə ciddi hazırlıq gedir. Ukraynada artıq Suriya planı işə salınıb. Belə bir ərəfədə Yanukoviçin müraciəti Rusiyanın ziyanın yarısından qayıtmağı və qalib gəlmək kimi nəticələri hədəflədiyini göstərir”.

Hamısını Göstər

Related Articles

Back to top button