Ukraynaya verilən “Switchblade” kamikadzeləri nəyə qadirdir?
Ekspertlərin fikrincə, dronlar yalnız güclü hava hücumundan müdafiə sisteminə malik olmayan orduya qarşı effektiv ola bilər
ABŞ bir neçə gün əvvəl Ukraynaya 100 ədəd “Switchblade” kamikadze tipli pilotsuz uçuş aparatı təhvil verib. Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi məlumat verib. Onun sözlərinə görə, amerikalı ekspertlər ABŞ-da olan ukraynalı hərbçilərə dronlardan istifadə qaydaları ilə bağlı təlim keçib. Dronların təhvil verilməsi Ukraynaya milyard dollarlıq hərbi yardımın göstərilməsi çərçivəsində həyata keçirilir. Qeyd edilir ki, bu dronlar həm də onları daşıyan “Predator” və ya “Reaper” kimi pilotsuz təyyarələrdən buraxılan raketlərdən daha ucuzdur.
NBC telekanalı Konqresdəki mənbələrə istinadən xəbər verir ki, Ukraynaya sursat tədarükü ilə bağlı danışıqlar hələ martın ortalarında aparılıb. “Switchblade 600” döyüş sursatının bir partiyasının Ukraynaya təhvil verilməsi haqqında daha əvvəl razılıq əldə edilmişdi və Pentaqon nəhayət, Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz kamikadzeləri göndərmək qərarına gəldi. Qeyd edək ki, Vaşinqton həmçinin Ukraynaya sovet tipli haubitsa, minaatanlar, digər növ silahlar üçün döyüş sursatı göndərməyi, o cümlədən peykdən çəkiliş xidmətləri ilə də təmin etməyi planlaşdırır. Lakin əsas diqqət indi “Switchblade 600” kamikadze dronlarına yönəlib.
“Switchblade 600” aparatları döyüş başlığına malik pilotsuz təyyarələrdir. İlk versiyalar kağız təyyarə kimi əl ilə işə salınırdı və sonra naviqasiya sistemindən istifadə edərək obyekti məhv edirdi. Həmin kamikadze pilotsuz təyyarələrin zərbə gücü döyüş qumbarası ilə müqayisə edilə bilərdi. Bu gün isə gücləndirilmiş mərmilər düşmən qüvvələrinə ciddi ziyan vurmağa qadirdir.
“Switchblade 600” minaatanla işə salınır: o, havaya atəş açır, istənilən sürəti götürür, qanadlarını açır, mühərriki işə salır – və operator tərəfindən idarə olunaraq hədəfi nişan alır. Amma uçuş sürətindən asılı olmayaraq, kamikadze dronları xeyli məsafədən aşkar etmək də mümkündür .
2015-ci ildə Pentaqon “minimum itki ilə qoşunların yüksək dəqiqliklə mühafizəsini” təmin edən silah əldə etmək üçün “Switchblade” in hazırlanmasına xüsusi olaraq 10 milyon dollar ayırıb. İlk “Switchblade” cəmi 1,5 kq ağırlığında idi, lakin sonradan döyüş başlığının artması səbəbindən çəkisi artdı. Daha sonra “Switchblade 300” modeli yaradıldı. PUA-nın əsas versiyalarından fərqli olaraq, yeni qurğu 40 dəqiqəyə qədər havada qala bilir və 60 km/saat sürətlə uça bilirdi. Amma hərbçilər zirehli texnikanı məhv edə bilən pilotsuz dron istəyirdilər.
2018-ci ildə silah istehsalçısı “AeroVironment Inc” şirkəti daha 70 milyon dollar aldı və 2020-ci ilin oktyabrında “Switchblade”nin indiki versiyası hazırlandı.
Hərbi ekspertlərin fikrincə, Ukrayna kamikadze dronları alsa belə, xüsusi əməliyyatın gedişində hansısa dönüş yaradacağını demək olmaz.
Ekspertlərin fikrincə, “Switchblade 600” yalnız güclü hava hücumundan müdafiə sisteminə malik olmayan orduya qarşı istifadə olunarsa, effektiv ola bilər. Bu şərtlər altında təbii ki, güclü döyüş başlığı və zərbənin dəqiqliyinə görə üstünlük təmin edə bilər. Lakin bildirilir ki, Rusiyanın Ukraynada hava hücumundan müdafiəsi ilə bağlı problem yoxdur. Rus hərbçilər əminliklə deyirlər ki, Ukraynada super pilotsuz PUA hesab edilən Türkiyə istehsalı “Bayraktar TB2”ilə bacara biliblərsə, ABŞ silahına qarşı da duruş gətirə bilərlər…