Ürək dil acır ki, sönməmiş odum – Səməd Vurğundan şeir çələngi

Mən tələsmirəm

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qucağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!

Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de: “Uğurlar ola!”
Dur, bütün aləmi gəzək qol-qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!

Çağırır məni

Yenə də yam-yaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni,
Təbiət ilhama çağırır məni!

Ürək dil acır ki, sönməmiş odum,
Hücuma başlayır mənim söz ordum…
Könüllər mülkündə min yuva qurdum,
Unutmaz aləmdə sevən sevəni,
Məhəbbət ilhama çağırır məni!

Görürəm, dan yeri yenə sökülür,
Göydən yer üzünə nurlar tökülür.
Zəmiləri, tarlalar üzümə gülür,
Gözümdə saralır sünbülün dəni…
Bu nemət ilhama çağırır məni!

Mən yaranmamışam göylər övladı,
Əzəl şöhrətimdir torpağın adı…
Bu eşqim çoxuna qismət olmadı,
Şairim! Aç, payla söz xəzinəni,
Şeriyyət ilhama çağırır məni!

Aynabənd evlərin eyvanı sərin,
Yuyunur qoynunda al şəfəqlərin.
Hər batan axşamın, doğan səhərin
Hüsnü salamlayır al pəncərəni,
Səadət ilhama çağırır məni!

Şirvanda sayrışır bağlar-bağatlar?
Şənliklər yanında kişnəşir atlar,
Axır qoşun-qoşun ellər, elatlar,
Əlilə kəşf edir hər dəfinəni,
Bu sənət ilhama çağırır məni!

Muğana su gəlir, Milə su gəlir,
Axışıb öz eli, ulusu gəlir…
Torpağa insanın arzusu gəlir,
Bağrıma basıram ana Vətəni,
Bu ülfət ilhama çağırır məni!

Ürək dil acır ki, sönməmiş odum,
Hücuma başlayır mənim söz ordum…
Könüllər mülkündə min yuva qurdum.
Unutmaz aləmdə sevən sevəni,
Məhəbbət ilhama çağırır məni!..

Ceyran

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?

Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!

Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!

Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!

Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.

On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

Ala gözlər

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin, yenəmi
Çəkdiniz sorğuya, suala, gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu alır başımdan
Süzülüb gedəndə xəyala gözlər.

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə salır camala gözlər.

Mənim sevgilimdir o gözəl pəri,
Qoy üzə vurmasın keçən günləri.
Mən qədirbilənəm əzəldən bəri,
Sizinlə yetmişəm kamala, gözlər.

Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən bu gün can verir.
İllər xəstəsiyəm, yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.

Yada sal məni

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli dağlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal, məni.

Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara –
Sinəmdən oxladı bir maral məni.

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.

Gəlmişəm gəzməyə sizin dağları,
Baxım yaylaqlara doyunca barı…
Bu yerə şairin düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.

Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandır ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni…

Üzeyir Hacıbəyovun ölümünə

Bir qocaman qartalın qanadları dayandı
O bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir yenə səhər oyandı
O vətən dağlarının suyundan içməyəcək.

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Budur baxır üzümə, baxır sənətkar gözü
Yenə gülür, danışır, nəfəs alır Üzeyir.
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsindən qanad açır min şeir.

O sabahda bizimlə addımlayır yanaşı
Koroğludan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı
Şöhrət tapdı adınla bizim ana yurdumuz

Mən bu kiçik şeirimi yazıram göz yaşımla
Çünki vidalaşıram öz ürək sirdaşımla!

Nizami Gəncəviyə

Yoğruldu bütün varlığın ümmidlə hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Hər kəlməni, hər şeirini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.

Xoş gəldin əzizim, gəlişindən ana yurdu
Dünya evinə bir yeni söz məclisi qurdu…
Keçdikcə nəsillər o sənin söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən.

Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Məna evinin sirrini vicdanla bilənlər.
Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.

Aydanmı günəşdənmi yarandın, de, nədən sən?
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

Qəzəl

Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!

Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan əmrə peşiman ola bilməz!

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!

Qəlbin, ürəyin odlarına yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz!

Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də , zimistan ola bilməz.

Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!

Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz!

Şair, nə tez qocaldın sən!

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə-ündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə-üzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yaan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
– Şair, nə tez qocaldın sən!

Dağlar

Binələri çadır-çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta-asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş-başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar

Dağlar

Üstündən karvan yeriməz
Sıxdı dumanların, dağlar.
Yazda-yayda heç əriməz
Quzeylərdə qarın, dağlar.

Laçınların göydən enməz,
Qayaların baxar, dinməz,
Yaman gündə üzün dönməz,
Pozulmaz ilqarın, dağlar.

O qız yaldan tək aşanda,
Saç kəmərə dolaşanda,
Atdan düşüb yol çaşanda
Mən olum zəvvarın, dağlar.

Ovçuların gəzər oğrun,
Maralların düşər yorğun.
Qonaq gəldi sizə Vurğun,
Sevinsin gülzarın, dağlar.

Gülə-gülə

Maral çıxdı dağ döşünə,
Səhər vaxtı gülə-gülə.
Sol əliylə sağ döşünə
Bir gül taxdı gülə-gülə.

Bilərziyi ağ altundan,
Yerə düşdü göy atından…
Ala gözlər qaş altından
Süzüb axdı gülə-gülə…

Dedim: “Ay qız, nədir adın?”
Dedi: “Mənəm, gözün aydın!”
Dedim: “Bizə dost olaydın!”
Dönüb baxdı gülə-gülə.

Dedim: “Aydır, gündür üzün?!”
Dedi: “Məni dindir özün!”
Gəldi cavan ömrümüzün
Tərlan baxtı gülə-gülə.

Ay dolandı, il dolandı,
Unuduldu eşqin andı.
O, verdiyi sözü dandı,
Daşa çaxdı gülə-gülə.

Hamısını Göstər

Related Articles

Back to top button