Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib.
Polise.az xəbər verir ki, konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla, ümumilikdə, 245 vəkil, habelə media nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib. Qeyd edib ki, ötən dövr ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım olub, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda, vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsi sahəsində mühüm addımlar atıldığı vurğulanıb.
Həmçinin Anar Bağırov çıxışında Prezident İlham Əliyevin 2025-ci il 19 noyabr tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.
Daha sonra konfransda Kollegiyanın 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat videoçarxı nümayiş olunub.
Gündəliyə uyğun olaraq konfrans çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib. Bununla yanaşı, Kollegiyanın Nizamnaməsinə, Vəkillərin İntizam və İxtisas Komissiyalarının Əsasnamələrinə, eləcə də “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.
Bundan başqa, tədbirdə VK-nın maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatı və növbəti dövr üçün büdcəsi, “Üzvlük haqqının ödənilməsi qaydası”, “Monitorinqin aparılması qaydası”, “Vəkil orderinin və order markasının forması, hazırlanması və istifadə qaydası”, habelə “Vəkil qurumlarının yaradılması qaydası” təsdiqlənib, habelə vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayı müəyyən olunub.
Konfransda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı əhəmiyyət kəsb edən digər məsələlər də gündəliyə çıxarılıb. Bu məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, eləcə də ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.
Polise.az



