Vətən onlara minnətdardır!

19-cu əsr Azərbaycan tarixində ağrılı hadisələrlə yadda qalıb. Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində 20-dən artıq xanlıq yarandı. Bu xanlıqların dini və dili eyni olsa da, onlar birləşib vahid dövlət yaratmaq düşüncəsindən xeyli uzaq idilər. Amma güclü xanlıq zəif xanlığa hücum edib onun torpaqlarını özünə qatmaqdan, özünü və ailəsini əsir etməkdən zövq alırdılar. Çox zaman qonşu xanlığl özünə qatmaq üçün çar Rusiyasına müraciət olunur, əsgər və silah onlardan alınırdı. Yəqin ki, çoxlarının ağlına gəlmirdi ki, bu gün bir-birini qırmaq üçün silah və əsgər verən çar Rusiyası sabah özü bu eşqə düşəcək və işğalın ən dəhşətlisi onda baş verəcək. Elə də oldu.
19-cu əsrin əvvəlində çar Rusiyası addım-addım xanlıqların sərhədinə yaxınlaşırdı. Car-Balakən rus işğalına qarşı qəhrəmanlıq tarixi yazdı, amma özünü qoruya bilmədi. Çünki düşmən çox güclü idi. Məcburən rus işğalını qəbul etdi. Gəncə və gəncəlilər rus işğalçı ordusuna komandanlıq edən gürcü əsilli general Sisianovla üz-üzə dayandı. Cavad xan son damla qanına kimi vuruşdu, amma Gəncəni qoruya bilmədi. Gəncənin işğalında rus gücünə güc qatan Gəncədə yaşayan ermənilər oldu.
Qarabağ xanlığı acı bir taleyin qurbanı oldu. İbrahin Xəlil xan Sisianovla Kürəkçay müqaviləsini bağlamağa məcbur edildi. Şirvan xanlığı da zorla bu müqaviləyə qoşulmalı oldu.
Ermənilər Qarabağ xanlığını ləğv etmək üçün əlindən gələni etdilər. Ermənilər mayor Lisaneviçin əli ilə 1806- ci il iyunun 12-də Şuşa yaxınlığında Xanbağında İbrahim Xəlil xan başda olmaqla 17 nəfərdən ibarət ailə üzvlərini qətlə yetirdilər. Bu qətliamdan yeganə sağ çıxan İbrahim Xəlil xanın qızı Gövhərnisə xanım oldu. Bu gün Şuşada öz əzəməti ilə hamını heyran qoyan “Gövhər ağa” məscidləri onun şərəfinə adlandırılır.
Azərbaycanın bütün xanlıqları bu acı taleyi yaşadı. Rus işğalı təkcə xanlıqların süqutu ilə başa çatmadı. 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci bəndinə görə Azərbaycan torpaqlarına ermənilərin köçürülməsinə başlanıldı. Təbrizdə ermənilərin köçürülməsinə rəhbərlik edən erməni Lazarevin sözləri ilə desək: “Sizə təzə vətən tapmışıq. Bu təzə vətən Qarabağ, Naxçıvan, İrəvandır.”
Beləliklə, Kürəkçay, Gülüstan, Türkmənçay və Ədirnə müqavilələrindən sonra Azərbaycan xalqının məşəqqətli günləri başladı.
Çar Rusiyası ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması üçün onlara hər cür imtiyaz verdi.
1722-1723-cü illərdə l Pyotrun Xəzər yürüşü başladı. I Pyotr bu yürüş zamanı Xəzəryanı bölgələri, o cümlədən Bakı şəhərini işğal etdi. O, 1724-cü ildə ermənilərin bu ərazidə yerləşdirilməsi ilə bağlı Fərman vermişdi. Fərmana görə rus ordusunun işğal etdiyi Bakı, Dərbənd və digər əlverişli yerlərdə ermənilər və başqa xristian əhali mehribanlıqla qəbul edilməli, onlara ev-eşik salmaq üçün münasib sahələr ayrılmalı, torpaq verilməli, şəhər və kəndlərdəki sahibsiz müsəlman evləri də onların ixtiyarına keçməli idi. Çar Rusiyası Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında məskunlaşan ermənilərə idarəçilikdə tam üstünlük verir, azərbaycanlı əhalini hər cür hüquqlardan məhrum edirdi.
Azərbaycan torpaqlarında məskunlaşana qədər dünyanın heç bir xalqı ilə yola getməyən köçəri erməni tayfaları ilk əvvəl Balkan yarımadasında Frakiyada, Kiçik Asiyanın şərqində, Dəclə və Fərat çaylarının yuxarı axarında, daha sonra Van gölü hövzəsinə yayılmışdılar.
19-cu əsrin ikinci yarısında erməni ideoloqları vətənsiz ermənilər üçün vətən tapmaq fikrinə düşdülər. Dünənə qədər Osmanlı dövlətindən hər cür himayə görən ermənilər Osmanlının yeddi vilayəti ilə bağlı iddia ilə çıxış etdilər. Bu işdə Avropa dövlətləri və çar Rusiyası ermənilərə hər cür dəstək verirdi. Daşnaksutyun partiyası ifrat millətçilik düşüncəsi üzərində qurulan “böyük Ermənistan” cəfəngiyatını irəli sürdülər. Guya eradan əvvəl ikinci əsrdə böyük Ermənistan deyilən dövlət olub. İndi həmin dövləti bərpa etmək lazımdır. Bu torpaqlarda yaşayan bütün türk-müsəlmanlar məhv edilməlidir.
Ermənilər 1905-1906, 1918-1920-ci illərdə azərbaycanlı əhaliyə qarşı soyqırım həyata keçirdilər.
Çar Rusiyanın erməni yönlü siyasəti sovet Rusiyası tərəfindən də həyata keçirildi. 70 illik sovet dönəmində Zəngəzur və Naxçıvanın bir neçə kəndi ermənilərə verildi. Qarabağda ermənilər üçün muxtar qurum yaratdılar.
20-ci əsrin 80-ci illərin sonlarında ermənilərin torpaq iddiaları Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi. Qarabağ problemini tənzimləməyi öz üzərunə götürən ATƏT-in Minsk qrupu xalqımıza xəyanət yolunu seçdi. Qərb dövlətləri və Rusiya Federasiyası erməniləri hər cür müasir silahlarla təchiz edir, ermənilər də Azərbaycanı yeni işğallarla hədələyirdilər.
Nəhayət, 2020-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, xalq və iqtidar birliyinə nail olan, güclü iqtisadiyyat yaradan, ən müasir ordunu quran, düşmənin hər cür təhdidlərini qulaqardına vuran, Heydər Əliyevin yadigarı, Azərbaycan xalqının ümidi İlham Əliyev ölüm-dirim müharibəsinə başladı. Vətən Müharibəsi 44 gün davam etdi. Azərbaycan öz tarixində ilk dəfə düşməni öz torpaqlarından birdəfəlik çıxardı. İbrahim Xəlil xanın dövründə Xanbağı adlanan ərazi separatçılardan azad edildi. İlk dəfə Azərbaycanın üç rəngli bayrağı bütün torpaqlarımızda şərəflə dalğalanmağa başladı.
Azərbaycan əsgəri Ali Baş Komandanın əmrini yüksək səviyyədə yerinə yetirdi. Torpaqlarımızın azad olunmasında şəhidlərimiz oldu, qazilərimiz güllə yarası aldılar. Bütün bu qəhrəmanlıqlar torpaqlarımız üçün, 30 ildən çox öz evlərinə qayıtmaq ümidi ilə yaşayan insanlarımız üçün edildi. Ona görə də şəhidlərimiz müqəddəs bir missiyanın öhdəsindən qəhrəmancasına gəldilər, Azərbaycanın dövlət suverenliyini bərpa etdilər.
27 Sentyabr Anım Günüdür. Allah şəhidlərimizi rəhmət eləsin. Vətən Sizə minnətdardır.
İsgəndərov Anar
“Milli Məclisin üzvü”
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button