“Vəziyyət gərginləşərsə, antiterror əməliyyatlarını davam etdirmək məcburiyyətində qalacağıq” – politoloq

Rəsmi İrəvanın sərsəm davranışları və iddiaları Qaragöl bölgəsində gərginliyi tətikləyir; Rusiya növbəti dəfə vasitəçi olmaq istəyir; ekspertlər deyir ki…

Ermənistan özünün havadarlarından açıq-gizli dəstək alaraq son günlər yenə də revanşist mövqeyini nümayiş etdirməkdədir. Belə ki, 44 günlük sarsıdıcı zərbələrdən sonra ordusu darmadağın olan ölkənin Müdafiə Nazirliyi hətta Azərbaycanla ultimatum dillə danışmağa cəhdlər edir.

Erməni mediasına istinadən xəbər verilir ki, Ermənistanın Müdafiə Nazirliyi “əgər Azərbaycan hərbçiləri öz mövqelərinə qayıtmasalar, Ermənistan silahlı qüvvələri məsələni digər yollarla, o cümlədən güc yolu ilə həll etməli olacaqlar” məzmunlu sərsəm bir açıqlama yayıb. Aydın olan budur ki, Ermənistan rəhbərliyi ötənlərdən dərs almayıb və ağıllanmayıb. Ordusunun 80 faizi darmadağın edilən ölkədə nə tez unutdular ki, Bakıda onlara məxsus hərbi texnikalardan ibarət park yaradılıb? Digər tərəfdən, Ermənistan hələ də anlamaq istəmir ki, haqqında söhbət gedən Qaragöl bölgəsi Azərbaycanın bugünkü sərhədlərinə aid ərazidir və Ermənistan adlanan qondarma dövlətə heç bir aidiyyəti yoxdur. Hələ ortada Azərbaycan SSR-nin xəritəsidir. Əgər masaya Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi qoyularsa, o halda ermənilər İrəvan daxil, bütün tarixi torpaqlarımızdan rədd olub getməli olacaqlar, görünür, bu həqiqəti onlara başa salmaq üçün növbəti dəfə “Dəmir yumruq”a gərək olacaq.

Hazırkı duruma gəldikdə, Ermənistanda da etiraf edirlər ki, Qaragöl gölü ətrafında vəziyyət dəyişməz olaraq qalır. Əvvəlcə mayın 19-da Azərbaycan, Rusiya və Ermənistan hərbçiləri arasında danışıqların olacağı deyilsə də, görüşün keçiriləcəyi şübhə altındadır. Bunu isə Missiya.Az  Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verib. Nəşrə Zəngəzur bölgəsindəki mənbələrdən bildirilib ki, əvvəlki danışıqlar heç bir nəticə verməyib və Azərbaycan bir qarış belə geri çəkilməyib. Həmçinin qeyd olunub ki, baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Azərbaycan tərəfi ilə şifahi razılığa gəlib. Razılaşmaya əsasən, Nikol Paşinyan Azərbaycana Tavuş vilayətində 9-12 kəndi və Kərkini, eləcə də Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzurda 2 dəhliz verməyi vəd edib. Paşinyan vədini yerinə yetirdiyi halda belə, Azərbaycan hərbçiləri Qaragöl gölü ətrafını tək etməyəcək, 200 hektar ərazini öz nəzarətləri altında saxlayacaqlar. Göl ətrafında 4 Azərbaycan, 4 Ermənistan ordusuna məxsus mövqe qurulacaq. Hərbçilərin yüngül silahlarla təchiz olunacağı bildirilir. Sərhəddə yerləşən Şurnuxu kəndinin sakinləri Azərbaycan qüvvələri arasında hərəkətliliyin müşahidə olunduğunu deyiblər…

Bundan əvvəl erməni mənbələri erməni və azərbaycanlı hərbçilər arasında insidentin baş verdiyi barədə xəbər yaymışdılar. Ancaq ardınca iddia olunmuşdu ki, insident qısa müddətdə həll olunub. Ermənistan mediası davamlı şəkildə dezinformasiyalar yaymaqla beynəlxalq təşkilatların və aparıcı paytaxtların məsələyə müdaxiləsinə nail olmaq istəyir…  

***

Bu arada ABŞ öz vətəndaşlarını Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb.  Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Səyahət Departamentinin rəsmi saytında (Department of State Travel) məlumat yerləşdirilib. Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb.

Çağırışda 2020-ci ilin payızında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən intensiv döyüşlərdən sonra ərazi yüksək riskli bölgə olaraq təsvir edilib. Xəbərdarlıqda Azərbaycanla yanaşı, Ermənistana da səfər etməməyə çağırış yer alıb.

Xatırladaq ki, ötən il də ABŞ-ın eyni məzmunlu çağırışı olmuşdu. Bu mənada ehtimal olunur ki, hərbi toqquşmalar bərpa oluna bilər.

                                          ***

İrəvanın Bakıdakı erməni terrorçuların azadlığı istiqamətində cəhdləri isə növbəti dəfə cavabını alıb. “Ermənistanın Azərbaycanı erməni ”hərbi əsirlərin” saxlanmasında davamlı ittiham edən yalan və iftira dolu iddiaları tərəfimizdən mütəmadi qaydada cavablandırılır. Vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə, o cümlədən məhbusların tutulması əməliyyatları və onlarla rəftara aid olan beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə riayət etməyə sadiqdir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. XİN rəsmisi bildirib ki, üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb: “Hazırda Azərbaycanda, bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları həbsdə saxlanılır. Azərbaycanın topladığı məlumatlar və dəlillərə əsasən, noyabr ayının son 10 günündə döyüş əməliyyatları bitdikdən sonra Ermənistanın Şirak bölgəsindən 60 nəfərdən çox dəstə Azərbaycan ərazilərinə göndərildi. Bu dəstə 2020-ci ilin noyabr ayının sonu və dekabr ayı da daxil olmaqla, Azərbaycanın mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror hücumları həyata keçirərək 4 azərbaycanlı hərbçini öldürdü və erməni işğalı illərində dağıdılmış bölgədəki rabitə xətlərinin bərpası üçün sadəcə öz işini görən və mobil rabitə şirkətinin əməkdaşı olan bir mülki şəxsi isə ağır yaraladı. Azərbaycan bu şəxsləri həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbsdə saxlayır, onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. Qanunlara uyğun olaraq hazırda Azərbaycan 44 gün davam edən Vətən müharibəsindən sonra tutulan bütün şəxslərlə bağlı onlara qarşı olan dəlilləri qiymətləndirməklə ətraflı araşdırma aparır. 4 may 2021-ci ildə ölkəmiz humanitar addım qismində, saxlanılan şəxslərdən 3-nü ittihamlar irəli sürmədən Ermənistana qaytardı”. Bakı bəyan edib ki, Ermənistanın davamlı şəkildə məsələni yanlış təqdim etdiyini nəzərə alaraq, ölkəmiz saxlanılan şəxslərin saxlanma səbəbləri, şəraiti və onlarla rəftar ilə bağlı daha çox şəffaflığı təmin edərək, araşdırmanı davam etdirir: “Azərbaycan, o cümlədən məhbuslara insani münasibət göstərilməsi və onlarla ədalətli və qanuni şəkildə rəftarı təmin etməklə, bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır”.

Beləliklə, Bakı bir daha nəzərə çatdırıb ki, prosesləri diktə edən tərəf yalnız özüdür və kimsə ona təzyiq edə bilməz.

Yazı çapa hazırlanarkən Ermənistan Müdafiə Nazirliyi Qaragöl ətrafına əlavə qüvvələr topladığı haqda xəbər yayıldı. Ermənistan Müdafiə Nazirliyi sərhəd mübahisəsini hərbi yolla həll etməyə hazır olduğunu da açıqlayıb ki, bu da “arxalı köpək qurd basar” misalını yada salır…

Son günlər Azərbaycan Ordusunun davamlı hərbi təlimlər keçirməsini də nəzərə alsaq, hərb variantının aktual olduğunu demək olar. Ümumilikdə vəziyyət nə vəd edir, Azərbaycanla Ermənistan arasında müharibə başlaya bilərmi? Son günlərin müşahidələri bundan ibarətdir: Azərbaycan Ordusunun bölükləri Qaragöl istiqamətində sərhədimizi bərpa ediləndən sonra hərarət daha da yüksəlib. Ermənistan bizi təhdid edən bəyanat yayıb. ABŞ, Rusiya və digər ölkələr vasitəçilik etməyə qalxır. Ordumuzun təlimlərə başlaması, antiterror əməliyyatları ilə bağlı tapşırıq xəbəri də müharibə ehtimalını, gözləntisini artırır.

Elxan Şahinoğlu: “İşğalçıya təzyiqləri artırmalıyıq”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, müharibə ehtimalını yüksək qiymətləndirmir: “Ermənistan Azərbaycanla nə ilə müharibə edəcək? Ona görə də Moskva, Paris, Vaşinqtona yalvarırlar ki, Azərbaycanı durdurun! Sadəcə, özlərini zəif göstərməmək üçün deyirlər ki, ordu qururuq, yalandan Qarabağda peşəkar ordu yaratdıqlarını iddia edirlər. Daha durub deməyəcəklər ki, Azərbaycanla müharibə etmək iqtidarında deyillər. Çünki sərhədlərini qorumaq məcburiyyətindədirlər”.

Politoloq qeyd etdi ki, biz haqlı tələblərimizdən geri çəkilməməliyik: “Əgər həqiqətən vəziyyət gərginləşərsə, biz antiterror əməliyyatlarını davam etdirmək məcburiyyətində qalacağıq”.

Rusya Dışişleri Bakanı'ı Sergey Lavrov, Yerevan yolcusu - Ermeni haber ajansı

Sergey Lavrov 

Qeyd edək ki, Rusiya Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyasının müzakirəsi zamanı vasitəçi olmağı təklif edib. Rusiya xarici işlər naziri Sergey Lavrov bu haqda mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında açıqlama verib. “Rusiya Federasiyası tərəflər arasında sərhədlərin demarkasiyası və delimitasiyasının aparılması üçün kömək təklif edib. Moskva bu məsələləri həll etmək üçün Ermənistan-Azərbaycan xüsusi komissiyasında konsultant kimi çıxış edəcək”, – deyə o bildirib. Bizim bu təklifə münasibətiniz necə olmalıdır? E.Şahinoğlu qeyd etdi ki, bu suala cavab vermədən öncə başqa suala cavab tapmalıyıq: “Rusiyanın vasitəçiliyi nə zaman Azərbaycan üçün faydalı olub? Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir. Rusiya hərbçiləri Qarabağda separatçıları tərk-silah etmədikləri kimi ”İsgəndər-M” raketləri ilə bağlı müəmma da çözülmədi. Rusiya prezidenti Vladimir Putin müharibə günlərində Ermənistana silah və sursat daşıdığını gizlətmədi. İndi bu dövlət Azərbaycanla Ermənistan arasında sərhədi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərindən baş sındırmağa dəyməz. Haqlarımız qorunmayacaq. Ona görə də rəsmi Bakı “sərhədin müəyyənləşməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir. Doğrudur, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın bu məsələyə münasibəti belədir ki, “Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdursa, danışıqlar prosesində Rusiya iştirak etməlidir”. Yəni İrəvan artıq Rusiyanın vasitəçi təklifini dəstəkləyib. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz”.

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə hazırlığı yüksək səviyyədədir"

Akif Nağı 

QAT sədri Akif Nağı İrəvanın revanşist mövqeyindən bəhs edərkən bildrdi ki, Ermənistan çox ehtiyatla hədə-qorxu gəlir: “İrəvan bilir ki, bir az öncəki darmadağından sonra Azərbaycanla güc dilində danışmaq gülünc görünür. Amma hər halda, olmayan sifətini qoruyub-saxlamağa, nə isə deməyə çalışır. Onlar Rusiyaya arxayındılar, böyük qardaşlarının köməyi ilə nə isə əldə saxlamağa çalışırlar. Dünən SSRİ Nazirlər Kabinetinin bir qərarını da yalan-gerçək ortaya çıxardılar ki, guya Qaragölün 90 faizi onların, yalnız 10 faizi Azərbaycanın olub. Təbii ki, onların bu cəhdi sənəd saxtalaşdırmadan başqa bir şey deyil”. A.Nağı əmindir ki, Ermənistan Zəngəzur istiqamətində də torpaqlarımızdan geri çəkiləcək: “Başqa variant yoxdur, hələlik dirəniş görüntüsü yaradırlar. Erməni mənbələri də təsdiq edir ki, Azərbaycan hərbçiləri yerləşdikləri ərazilərdə qalırlar. Rusiyanın da Azərbaycana bu məsələdə təzyiq etmədiyi görünür. Lavrov son açıqlamasında bildirdi ki, tərəflər razılığa gəliblər. Azərbycan hərbçiləri orada qalırlarsa, deməli, ermənilər buna razılaşıblar”. Bununla yanaşı, QAT sədri hesab edir ki, istənilən halda müharibə ehtimalı qalır: “Azərbaycan da hərbi təlimlərlə müharibə variantına hazır olduğunu göstərir. Bu, daha çox Rusiyaya mesajdır. Amma genişmiqyaslı müharibə yox , antiterror əməliyyatı realdır, belə bir əməliyyata ehtiyac var. Ermənistanın quldurbaşı Araikin rəhbərliyi altında qalan terror dəstələri məhv edilməlidir. Eyni zamanda pasport rejimi yoxlanılmalı, region Ermənistan vasitəsilə gətirilmiş təhlükəli ünsürlərdən təmizlənməlidir. Bunun üçün isə antiterror əməliyyatı vacibdir. Ləngimədən hərəkətə keçməliyik. Bunun anonsu da artıq rəsmi səviyyələrdə verilir”.

Azərbaycan dövlətinin mövqeyi qətidir: münaqişə bitib və sərhədlərin dəqiqləşdirilməsi prosesi həyata keçirilməli, kommunikasiyalar açılmalı, bölgədə həyat öz axarına düşməlidir. Bunun əksini istəyənlər isə cəzalarını alacaqlar. 

Bugünlərdə Prezident İlham Əliyev ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığında da Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb. Əksi, “Dəmir yumruqdur”, düşmən və himayədarları unutmasın!

Hamısını Göstər

Related Articles

Back to top button