Vaksin əleyhdarlarının tezisləri və onlara əks olan arqumentlər
Sloveniyanın paytaxtı Lyublyana şəhərində baş verən hadisə əslində dünyanın istənilən ölkəsinin paytaxtında da ola bilər. Çünki koronavirus inkarçıları bütün ölkələrdə var.
Sadəcə, görünür, slovenlər yaxşı təşkilatlanıblar və hökuməti bir az boş görüblər deyə keçirdikləri etiraz nümayişi belə səs-küylü oldu. Onlar növbəti aksiyada dövlət televiziyasının binasına daxil olub, televiziya rəsmilərindən tələb ediblər ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətə dair mövqeləri efirdə işıqlandırılsın.
Balkan ölkəsindən gələn xəbərdə o da bildirilir ki, koronavirus inkarçıları aylardır Lyublyana və digər şəhərlərdə etirazlar təşkil edirlər. Onlar koronavirus pandemiyasının mövcud olmadığına dair öz tezislərini ölkə əhalisinə çatdırmaq üçün tribuna əldə etmək istəyirlər.
Sloveniyalı koronaviris inkarçılarının etiraz aksiyası
Budur, nəinki Sloveniya, artıq bütün Avropa və dünya mediası onlar üçün tribunaya çevrildi və etirazçılar öz fikirlərini – koronavirus pandemiyasının mövcud olmadığına dair tezislərini insanlara çatdırdılar.
İndi nə olsun? “Ölüm yoxdur” deməklə nə eldə etmək olar? Günəşi ha dan, o hər gün çıxacaq, dan yerini sökəcək, parlayacaq, bəzi yerlərə nur ələyəcək, bəzi yerləri yandırıb-yaxacaq.
Koronavirus daha betərdir, gözə görünmür, onu danmaq asandır, amma öldürücüdür, insanları yatağa salır, sayanın qulu, saymayanın ağası, əcəlidir.
Deyək ki, “Amerikanın oyunudur”, “masonların işidir”, “virus laboratoriyada hazırlanıb”, “dərman mafiyasının fırıldağıdır” və s. kimi mülahizələri ciddiyə aldıq. Bu sözlərlə o təhlükəli virusa qarşı mübarizə aparmaq mümkündürmü? Xeyr. Əvvəlcə onun nə dərəcədə təhlükəli olduğunu qəbul etmək lazımdır.
İsraildə vaksinasiya aksiyası
Bir neçə gün öncə dəyərli ziyalımız, bəstəkar, teleaparıcı Rasim Müzəffərli koronavirus inkarçılarının və vaksin əleyhdarlarının nəyə görə peyvəndə qarşı olduqlarını aşağıdakı kimi təsnif edib. Adamlar vaksinlərə ona görə inanmır ki:
1) Peyvəndlər eksperimental xarakter daşıyır, çünki nəticələri, fəsadları tam araşdırılmayıb;
2) Peyvəndlərin tərkibində mütəxəssisləri şübhələndirən maddələr var;
3) Əhalisinin 80%-i peyvəndlənmiş İsraildə virus yenidən baş qaldırır;
4) Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da, peyvəndlənmə yüksək sürətlə getsə də, yoluxma və ölüm hallarında artım müşahidə olunur;
5) Virusun yeni ştamları yarandıqca, peyvənd “köhnəlir”;
6) Adam peyvənd olunsa da, virus daşıyıcısı ola bilər;
7) Xəstəliyin müalicəsi 99% uğurla nəticələnir.
Bütün bu mülahizələrin əks-arqumenti də var. Onlar da belədir:
1)Peyvəndlər eksperimental xarakter daşımaqla bərabər, həm də panaseya səciyyəsi daşıyır. Vaksinlərin mənfi nəticələri ortada olmasa da, virusun nəticələri ortadadır – 5 milyon ölüm. Vaksinin fəsadı bunun 00000,1 faizi qədər deyil.
2) Peyvəndlərin tərkibində mütəxəssisləri şübhələndirən maddələrin olduğu barədə çox danışılır, çox yazılır. Amma bunlar konkret hansı maddələrdir, insanlara nə kimi mənfi təsir göstərir, açıb deyən, izah edən yoxdur.
3) Əhalisinin 80%-i peyvəndlənmiş İsraildə virus ona görə yenidən baş qaldırır ki, vaksinlər 100-də 100 qoruyuculuğa malik deyil. Amma dünyanın ən ağıllı və savadlı ictimaiyyətinə malik olan İsraildə əhalinin 80 faizinin peyvəndlənmiş olması faktı ondan xəbər verir ki, onlar bir şey bilirlər, yoxsa kütləvi şəkildə etiraz və imtina edərdilər.
4) Bir sıra ölkələrdə, o cümlədən öz ölkəmizdə peyvəndlənmə yüksək sürətlə getsə də, yoluxma və ölüm hallarında artım ona görə müşahidə olunur ki, yoluxanların çoxu vaksin vurdurmayanlardır, vəfat edənlər isə koronavirusa inanmayan, ya da müalicəyə 3-5 gün, bəzən 1 həftə gec başlayanlardır.
5) Virusun yeni ştammları peyda olduqca, vaksinlər “köhnəlir”, amma onların da tərkibini yeniləmək, effektivliyini artırmaq, hansı vaksinin daha qoruyucu olduğunu təsbit etmək mümkün olur.
6) Adam peyvənd olunsa da, virus daşıyıcısı ola bilir, amma peyvənd olunmuş adamda virus proqressiv olmur, tənəzzüldə olur. Elm bunu sübut edib.
7) Xəstəliyin müalicəsinin 99 fazi uğurla nəticələnməsi ona görə baş tutur ki, tibb elmi dinamik şəkildə inkişaf edir və preventiv tədbirlər görür.
Yaponiyada peyvənd olunmaq istəyənlərin növbəsi
Koronavirus inkarçılarını bir kənara qoyaq, onların dedikləri tamamilə absurddur, təhlükə realdır və “mövcud olmayan” virusun qurbanlarının sayı günbəgün artır. Amma vaksin əleyhdarlarının dediklərinə qarşı bir neçə arqument də qoymaq olar.
Onların bəzilərinin dediyindən belə çıxır ki, burada bir qəsd var (dünya əhalisinin sayının 2 milyarda qədər azaldılması-filan). Belədirsə, yəni dünyanın ən qabaqcıl ölkələri və elmi baxımdan ən inkişaf etmiş xalqları – ingilislər, yaponlar və yəhudilər peyvəndləməni intensiv və sürətlə aparmaqla özlərinə qəsd edirlər?
Yaxşı, bəs hökumətlərin marağı nədir ki, ilk növbədə dövlət qulluqçularının – polislərin, hərbçilərin, həkimlərin vaksinasiyasını məcburi edirlər, istəyirlər ki, onlarda fəsad yaransın, əmək qabiliyyətlərini itirsinlər və dövlət keşikçisiz, qulluqçusuz qalsın?
Göründüyü kimi, bu cür iddiaların heç bir məntiqi əsası yoxdur.
Koronavirus ciddi təhlükədir, onun əlacı vaksinlərdədir.