Vaksini bədəndən “təmizləmək” mümkündür?
Türkiyədə qadağalara görə koronavirusa qarşı məcbur vaksin vurduran bəzi vətəndaşlar “peyvəndi bədənlərindən çıxarmaq üçün” müxtəlif vasitələrdən istifadə edirlər.
Bu barədə professor Güner Sönməz “Haber Global”a danışıb.
Onun sözlərinə görə, bəzi insanlar bu məqsədlə zəli, həcəmət və müxtəlif vasitələrdən istifadə edirlər.
Professor həmin şəxslərə müraciət edərək bildirib ki, peyvəndin bədəndən çıxarılması mümkün deyil, fırıldaqçılar bu kimi vasitələrlə insanları aldadırlar: “Bunlar tamamilə pul tələsidir”.
Digər türkiyəli professor Mehmet Zencir də peyvəndin bədəndən çıxarılmasının mümkün olmadığını deyib. Onun sözlərinə görə, orta təhsilli tibb işçisi belə bunun qeyri-mümkün olduğunu bilir. İnsanların bu cür boş şeylərə inanması narahatlıq doğurur.
Qeyd edək ki, türkiyəli tibb bacısı bir nəfərin peyvənd vurdurduqdan sonra iynə vurulan yerə zəli yapışdırması ilə bağlı “Twitter”də paylaşım edib.