Vaqif Bayatlı Odərdən bir şeir…
Qara-qara quşlara,
yazıq-yazıq quşlara
xoş getməz göy üzünə.
Sədəf-sədəf, düymə-düymə
balıqçılara dəymə, dəymə –
xoş getməz dənizinə.
Qarğışdan, bəd sözdən
pis üzdən, paxıl gözdən.
göy üzündən, dənzidən
anam sovur uşaqları,
qovur, qovur uşaqları.
Göylərə qalxan deyiləm,
dənizə baxan deyiləm.
ağaca çıxan deyiləm –
anam qoruyur məni,
qovur, qovur uşaqları.
Tut dibi qarışqadı,
ac daşıyır toxuna,
tox daşıyır acına.
tapdayarsan, keçərsən,
xoş getməz tut ağacına,
anam qoruyur məni,
qovur, qovur uşaqları.
Tut dibi qarışqadı,
ölüm hər qarışdadı,
nə biləsən ki, anam,
bu dünyada gülən başqa,
ağlayanlar başqadı.
Anam, mən xalıq deyiləm,
dəryada balıq deyiləm,
sizlərə layiq deyiləm,
qoy oynasın uşaqlar.
Bu gün gözəl şairimiz Vaqif Bayatlı Odərin (Cəbrayılzadə) 76 yaşı tamam olur.