“Vaşinqton görüşü sülh prosesində dönüş nöqtəsi oldu” – Oqtay Qasımov

“Avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton səfəri və burada əldə olunan razılaşmalar, xüsusilə sülh müqaviləsinin mətninin paraflanması, ciddi əhəmiyyət kəsb edən bir prosesdir. Bundan sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesi daha intensiv xarakter almağa başladı. Azərbaycan Ermənistana qarşı tətbiq olunan tranzit məhdudiyyətlərini aradan qaldırdı, eyni zamanda Azərbaycan neft məhsulları Ermənistan bazarına çıxarıldı. İki tərəfli təmaslar ciddi şəkildə intensivləşdi və proses sürətlə davam edir. Bu görüş əvvəlki formatlarda keçirilən görüşlərdən fərqli olaraq daha məhsuldar və nəticəyönlü oldu. Normallaşmanın intensiv xarakter almasının əsas səbəbi məhz budur. Əvvəlki formatların əhəmiyyətini azaltmaq doğru deyil, hər bir görüşdə müəyyən nəticələr əldə olunub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Xatırladaq ki, 2025-ci ildə Vaşinqtonda başlayan sülh prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda əməkdaşlıq mühitinin formalaşması baxımından mühüm mərhələdir. Bu proses Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi strateji layihələrə təsir göstərir.
Siyasi şərhçi qeyd edib ki, təəssüf ki, vasitəçilərin heç biri nəticəyə yönəlik məsələlərdə kifayət qədər konkret olmayıb və bəzən öz maraqlarını ön plana çıxarmaq və ya birtərəfli mövqe tutmaqla prosesi ləngidiblər.
“Məhz bu səbəbdən, 2023-cü ilin noyabrından Azərbaycan təklifi ilə danışıqlar ikitərəfli formatda aparılmağa başlanıb ki, bu da daha çox konkret nəticələrin əldə olunmasına şərait yaradıb. Bu formatda 2025-ci ilin martında sülh müqaviləsinin mətni yekunlaşıb və sonrakı mərhələdə paraflanması Vaşinqtonda həyata keçirilib. Vaşinqton görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, ABŞ administrasiyası prosesin sürətlə davam etməsində və razılaşmanın əldə olunmasında maraqlı olub və aktiv rol oynayıb. ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar digər ölkələr tərəfindən də qəbul olunub. Türkiyə bu prosesin əvvəlindən iştirak edib və razılaşmanın əldə olunmasında maraqlı tərəf kimi çıxış edib. Rusiya tərəfi isə prosesdən tam məmnun olmasa da, Trampın açıqlamalarına istinad etsək, Vladimir Putin sülh anlaşması imzalandıqdan sonra telefon danışığı zamanı onu təbrik edib və hər hansı dəstəyə ehtiyac olub-olmadığını soruşub. İran tərəfi də prosesdən tam məmnun olmasa da, yaranmış reallıqları qəbul etmək məcburiyyətində qalıb. Nəticədə tərəflər siyasi iradə nümayiş etdirib və məhz bu iradə sayəsində normallaşma prosesi irəliyə doğru inkişaf edir”.\Rəfiqə Namazəliyeva,AzNews.az\
Polise.az



