Vaşinqton İran rəhbərliyini ov elan etdi: Bu liderlərin başlarına pul qoyuldu

ABŞ hökuməti İranın yüksək vəzifəli rəsmilərinə qarşı yeni və sərt addım ataraq onların tutulmasına və ya yerinin müəyyən edilməsinə kömək edən məlumatlar üçün milyonlarla dollar mükafat elan edib.
Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı çərçivəsində İranın ali rəhbərliyi ilə əlaqəli bir neçə yüksək vəzifəli şəxs barədə məlumat verənlərə böyük məbləğdə mükafat vəd olunub. Siyahıda yer alan əsas fiqurlardan biri İranın ali dini lideri sayılan Müctəba Xameneidir. Onun yerinin müəyyən edilməsinə kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat təklif olunur. Bu barədə Musavat.com olaraq saatlar öncə məlumat yaymışıq.
Lakin görünən budur ki, ABŞ yalniz İranın ali dini liderinin başı ilə kifayətlənmir. Məlumata görə, ABŞ yalnız İranın təhlükəsizlik və siyasi sistemində mühüm rol oynayan daha bir neçə yüksək vəzifəli şəxsi də bu siyahıya daxil edib. Onların arasında İranın təhlükəsizlik strukturlarında və kəşfiyyat sistemində çalışan mühüm fiqurların olduğu bildirilir.
Vaşinqton bu şəxsləri İranın İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli fəaliyyətlərdə və regionda həyata keçirilən əməliyyatların planlaşdırılmasında iştirak etməkdə ittiham edir.
Musavat.com-un təhlilçilərinə görə, belə bir qərar ABŞ-ın İran rəhbərliyinə qarşı təzyiq siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Çünki dövlət rəhbərliyinin yüksək səviyyəli üzvlərinin başına mükafat qoyulması diplomatik təzyiqdən daha çox kəşfiyyat və xüsusi əməliyyat mərhələsinin başlanmasının siqnalı kimi qiymətləndirilir.

Bu addım İran daxilində informasiya əldə etmək, eyni zamanda ölkənin hərbi-siyasi elitasına əzici psixoloji təzyiq göstərmək, etimadsızlıq mühiti yaratmaq, dövlət rəhbərlərinin isə aktif fəaliyyətini bloklamaq məqsədi daşıyır. Digər tərəfdən isə bu qərar Vaşinqtonun Tehranla kompromis və danışıqlar yolundan daha çox sərt qarşıdurma xəttinə keçdiyini göstərir.
Başlarına mükafat elan edilən şəxslər arasında aşağıdakı fiqurların adları çəkilir:
• Müctəba Xamenei – İranın yeni ali dini lideri
• Əli Laricani – milli təhlükəsizlik üzrə əsas fiqurlardan biri
• Əli Əsgər Hecazi – ali liderin aparatında yüksək vəzifəli təhlükəsizlik rəsmisi
• Yahya Rəhim Səfəvi – ali liderin hərbi müşaviri
• İsgəndər Mömini – daxili işlər naziri
• İsmayıl Xətib – kəşfiyyat naziri
Bundan əlavə, İranın təhlükəsizlik və hərbi sistemində mühüm rol oynayan daha bir neçə vəzifəli şəxs barədə də məlumat verənlər üçün mükafat nəzərdə tutulub.
Təcrübədən çıxış edərək demək olar ki, yaxın zamanlarda bu şəxslərdən kimlərsə ABŞ -İsrail qüvvələri tərəfindən birbaşa hədəfə alınacaq.
Başına mükafat təyin edilmiş şəxslər arasında İran prezideni Pezeşkianın və xarici işlır naziri Ərqaçının adları yoxdur.
Polise.az



