Xəstəxanalarda yeni dövr başlayır – ŞAD XƏBƏRİ DEPUTAT AÇIQLADI

Prezident İlham Əliyev “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Müəyyən edilib ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə keçir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Tezadlar.az-a şərhində bildirib ki, “TƏBİB”in strukturu ləğv edilməyib, sadəcə onun tabeçiliyi dəyişdirilib:
“Bu, düzgün qərardır. TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində müstəqil departament kimi fəaliyyətini davam etdirəcək. Ümumi rəhbərlik isə Səhiyyə Nazirliyinin nəzarəti altında olacaq. TƏBİB-in yaradılması Azərbaycan səhiyyəsində yeniliklərə yol açdı. Bu strukturun formalaşması səhiyyə sahəsinə investisiyaların cəlb edilməsində, özəl səhiyyə sektorunun inkişafında və tibb personalının işə marağının artırılmasında mühüm rol oynadı. Hesab edirəm ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi bu imkanları daha da genişləndirəcək. Artıq səhiyyə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhatəsi daha da genişlənəcək”.

O qeyd edib ki, keçmiş səhiyyə nazirinin Baş nazirin müavini vəzifəsinə təyin edilməsi onun təcrübəsindən humanitar sahəyə rəhbərlikdə istifadə olunmasına imkan yaradacaq:
“Yeni səhiyyə nazirimiz isə ixtisasca həkimdir. O, müxtəlif səhiyyə müəssisələrində çalışıb və TƏBİB-ə rəhbərlik etdiyi dövrdə bir sıra yeni islahatlar həyata keçirilib. İnanıram ki, Prezidentin həyata keçirdiyi bu dəyişikliklər Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrinə ixtisaslı kadrların cəlb olunmasına, tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsinə və tibb personalının yeni tibbi yanaşmalarla bağlı hazırlığının gücləndirilməsinə mühüm töhfə verəcək”.

Aysel Timur

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button