XAMENEİ NECƏ İZLƏNİLİB VƏ NECƏ ÖLDÜRÜLÜB? – “Kameralar hak edilmişdi, cangüdənlər izlənilirdi, səhər yeməyi vaxtı…”

Ali rütbəli İran məmurlarının yüksək ixtisaslı, öz peşələrinə sadiq cangüdənləri və sürücüləri Tehranın Paster küçəsindəki işlərinə – ayətullah Əli Xameneinin İsrail aviazərbəsi nəticəsində şənbə günü öldürüldüyü yerə – gəldikdə israillilər onları izləyirdilər.
Məsələdən hali olan iki şəxsin sözlərinə görə, Tehrandakı demək olar ki, bütün yol hərəkətini müşahidə kameraları illərdir hak edilmişdi; görüntülər şifrələnərək Təl-Əvivdəki və İsrailin cənubundakı serverlərə ötürülürdü.
Mənbələrdən biri deyir ki, kameralardan biri xüsusilə əlverişli bucağa malik idi. O, əməkdaşların şəxsi avtomobillərini harada saxlamağa üstünlük verdiklərini müəyyən etməyə imkan verirdi və ciddi mühafizə olunan kompleksin gündəlik işi barədə təsəvvür yaradırdı.
Mürəkkəb alqoritmlər təhlükəsizlik əməkdaşları haqqında dosyelərə ünvanları, iş saatları, işə getmək üçün istifadə etdikləri marşrutlar və ən əsası, adətən mühafizə və müşayiət etdikləri şəxslər haqqında informasiya daxil edir, kəşfiyyatçıların “həyat tərzi” (pattern of life) adlandırdıqları sxemi formalaşdırırdı.
Bu fürsətlər ayətullahın sui-qəsdinə yol açacaq çoxillik kəşfiyyat kampaniyasının bir hissəsi idi. Real vaxt rejimində məlumat verən bu mənbə — yüzlərlə müxtəlif kəşfiyyat axınından yalnız biri — İsrail və Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) 86 yaşlı Xameneinin həmin məşum şənbə səhəri dəqiq hansı vaxt ofisinə gələcəyini və yanında kimlərin olacağını müəyyənləşdirməyə kömək edən yeganə vasitə deyildi.
Həmçinin İsrailin Paster küçəsi yaxınlığında təxminən bir düjün mobil rabitə qülləsinin ayrı-ayrı komponentlərini sıradan çıxararaq zəng edilən zaman telefonları məşğul kimi göstərməsi və Xameneinin mühafizəçilərinin mümkün xəbərdarlıqları almasına mane olması heç də az əhəmiyyətli fakt deyildi.
“Bombalar düşməzdən xeyli əvvəl biz Tehranı Qüdsü tanıdığımız kimi tanıyırdıq”, — deyə hazırda vəzifədə olan israilli kəşfiyyat rəsmisi bildirib – “Bir məkanı böyüdüyün küçə kimi yaxşı tanıyanda, yerində olmayan bir detalı belə dərhal görürsən”.
Baş düşmənin paytaxtı barədə bu qədər sıx və əhatəli kəşfiyyat mənzərəsi xırdalıqlara qədər diqqət tələb edən məlumat toplanmasının nəticəsi idi. Bu, İsrailin siqnal kəşfiyyatı üzrə ixtisaslaşmış 8200 saylı bölməsininimkanları, xarici kəşfiyyat xidməti Mossad tərəfindən cəlb edilmiş agentlər və hərbi kəşfiyyatın gündəlik hesabatlara çevirdiyi böyük həcmli məlumatlar sayəsində mümkün oldu.
Məlumata bələd bir şəxs deyib ki, İsrail milyardlarla məlumat nöqtəsini təhlil etmək, qərar qəbuletmə mərkəzlərinin gözlənilməz cazibə nöqtələrini üzə çıxarmaq və izlənəcək, öldürüləcək yeni hədəfləri müəyyən etmək üçün “sosial şəbəkə analizi” kimi tanınan riyazi metoddan istifadə edib. Bütün bunlar yeganə məhsulu hədəflər olan konveyerin işini təmin edirdi.

İsrail xaricdə yüzlərlə şəxsi — silahlı qrupların liderlərini, nüvə alimlərini, kimya mühəndislərini — eləcə də çoxsaylı günahsız mülki şəxsi öldürüb. Lakin Xamenei kimi tanınmış siyasi və dini liderin öldürülməsindən sonra belə, İsrailin texnoloji və texniki imkanlarından bu cür aqressiv və onilliklər boyu davam edən istifadənin nə qədər strateji qazanc gətirməsi qızğın debatların mövzusudur.
Ölkənin kəşfiyyat üstünlüyü ötən ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı özünü açıq göstərdi; ilk atəşdən sonrakı bir neçə dəqiqə ərzində ondan çox iranlı nüvə alimi və yüksək rütbəli hərbçi öldürüldü.
Bu, eyni zamanda İranın hava hücumundan müdafiə sistemlərinin misilsiz şəkildə sıradan çıxarılması ilə müşayiət olundu: kiberhücumlar, qısa mənzilli dronlar və İran sərhədlərindən kənardan atılan dəqiq sursatların kombinasiyası nəticəsində Rusiya istehsalı olan raket qurğularının radarları məhv edildi.

“Əvvəlcə onların gözlərini kor etdik” — deyə bir kəşfiyyat rəsmisi bildirib. Həm iyun müharibəsində, həm də indi İsrail pilotları “Sparrow” adlı xüsusi növ raketdən istifadə ediblər; onun bəzi variantları 1.000 kilometrdən artıq məsafədən, İranın və onun hava müdafiə sistemlərinin əlçatmaz zonasından, yemək masası ölçüsündə bir hədəfi belə vura bilir.
Son əməliyyatın bütün detalları məlum deyil. Ola bilər, mənbələri və hələ də istifadə olunan üsulları qorumaq üçün onların bir qismi heç vaxt açıqlanmasın.
Lakin Xameneinin öldürülməsi sadəcə texnoloji nailiyyət deyil, siyasi qərar idi —yazını hazırlayarkən danışdırılımış hazırkı və keçmiş israilli kəşfiyyat rəsmiləri belə hesab edir.
CIA və İsrail Xameneinin şənbə səhəri Paster küçəsi yaxınlığındakı ofisində iclas keçirəcəyini müəyyənləşdirəndə, onu İranın yüksək rəhbərliyinin bir çox üzvü ilə birlikdə öldürmək üçün yaranan imkan xüsusilə əlverişli idi.
Onların qiymətləndirməsinə görə, müharibə rəsmi şəkildə başladıqdan sonra bu şəxsləri bir-bir tapmaq daha çətin olardı, çünki iranlılar dərhal yayınma tədbirlərinə başlayacaqdılar, o cümlədən İsrail bombalarının təsir etmədiyi bunkerlərə çəkiləcəkdilər.
Xamenei, müttəfiqi olan “Hizbullah” lideri Həsən Nəsrullahdan fərqli olaraq, gizlənərək yaşamırdı. Nəsrullah 2024-cü ilin sentyabrınadək bir neçə uğursuz sui-qəsd cəhdindən yayınaraq illərlə yeraltı bunkerlərdə yaşadı, nəhayət, Beyrutda gizləndiyi yerə İsrail qırıcılarının 80-ə qədər bomba atması nəticəsində öldürüldü.
Xamenei isə ictimai çıxışlarında öldürülmə ehtimalı barədə düşüncələrini bölüşür, İslam Respublikasının taleyi ilə müqayisədə öz həyatını önəmsiz hesab etdiyini deyirdi; İran üzrə bəzi ekspertlərin fikrincə, o, şəhid olacağını gözləyirdi.
Lakin müsahibə verən şəxslərdən birinin sözlərinə görə, müharibə dövründə müəyyən ehtiyat tədbirləri görürdü.“Onun bunkerdə olmaması qeyri-adi idi — iki bunkeri var idi — və bunkerdə olsaydı, İsrail malik olduğu bombalarla ona çata bilməzdi”, — deyə həmin şəxs bildirib.
Hətta 2025-ci ilin iyununda, tammiqyaslı müharibənin ən qızğın çağında belə, İsrailin Xameneini bombalamağa yönəlmiş cəhdləri məlum deyil. O, əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyini, raket qurğularını və anbarlarını, eləcə də İranın nüvə obyektlərini və alimlərini hədəf aldı.
Son həftələrdə Donald Tramp İranı hücumla hədələyərək sahilləri yaxınlığında “armada” toplasa da, ABŞ ilə İran arasında İslam Respublikasının nüvə proqramı üzrə danışıqların bu həftə davam etdirilməsi nəzərdə tutulurdu.
Vasitəçi Oman bildirirdi ki, İran müharibənin qarşısını almağa kömək edə biləcək güzəştlərə hazırdır və ötən cümə axşamı keçirilən son görüşü məhsuldar kimi qiymətləndirirdi.
ABŞ prezidenti ictimaiyyət qarşısında prosesin ləng getməsindən şikayət edirdi. Məsələyə bələd bir mənbənin sözlərinə görə, Tramp özəl söhbətlərdə “İranın cavablarından narazılıq edirdi” və bu da müharibəyə yol açdı.
Məlumatlandırılmış başqa bir şəxs bildirib ki, İrana hücum aylarla planlaşdırılıb, lakin ABŞ və İsrail kəşfiyyatı Xameneinin və yüksək vəzifəli şəxslərin şənbə səhəri Tehrandakı kompleksində görüşəcəyini təsdiqlədikdən sonra əməliyyat planına düzəliş edilib.
Fərdi hədəflərin izlənməsi əvvəllər zəhmətli iş idi — vizual təsdiqlər və yanlış məlumatların çıxdaş edilməsi tələb olunurdu. Lakin son illərdə İsrailin geniş, alqoritmlərlə idarə olunan məlumat toplama sistemi bu prosesi avtomatlaşdırıb.
Ancaq Xamenei kimi yüksək dəyərli hədəf üçün uğursuzluq variant deyildi. İsrail hərbi doktrinasına görə, bir-birindən müstəqil çalışan iki ayrı yüksək rütbəli zabit böyük əminliklə hədəfin vurulacaq məkanda olduğunu və onun yanında kimlərin olduğunu təsdiqləməlidir.
Məsələyə bələd iki şəxsin sözlərinə görə, bu halda İsrail kəşfiyyatında siqnal kəşfiyyatı məlumatları — o cümlədən hak edilmiş yol kameraları və dərindən nüfuz edilmiş mobil şəbəkələr — mövcud idi. Şəxslərdən biri bildirib ki, bu məlumatlar görüşün plan üzrə getdiyini və yüksək vəzifəli şəxslərin həmin məkana yollandığını göstərirdi.
Lakin amerikalıların daha konkret bir mənbəyi var idi — agent şəxs, – məsələyə bələd olan hər iki mənbə bildirib. CIA bu məqama şərh verməkdən imtina edib.
Cümə günü, ABŞ-nin şərq vaxtı ilə saat 15:38-də, bir nömrəli bort ilə Texasa uçan Tramp “Epic Fury”əməliyyatına — ABŞ rəhbərliyi altında İrana zərbə endirilməsinə — başlamaq əmri verdi.
ABŞ ordusu İsrail qırıcılarının Xameneinin kompleksinə yolunu kiberhücumlarla açdı. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin sözlərinə görə, bu hücumlar “İranın görmək, əlaqə saxlamaq və cavab vermək qabiliyyətini pozdu, zəiflətdi və kor etdi”.
Keyn bildirib ki, kompleksə zərbə gündüz vaxtı həyata keçirilib və bu, İsrail Müdafiə Qüvvələrinin ABŞ kəşfiyyatının köməyi ilə həyata keçirdiyi “tətik mexanizminə” əsaslanıb.
Keçmiş yüksək rütbəli israilli kəşfiyyat rəsmisinin sözlərinə görə, düzgün vaxtda düzgün məkanda olmaq üçün saatlarla uçuş edən İsrail təyyarələri Xameneinin kompleksinə 30-a qədər yüksək dəqiqlikli sursat atıb.
Tramp “Fox News”a bildirib ki, iranlılar öldürülərkən səhər yeməyində idilər.
İsrail ordusu əlavə edib ki, gündüz zərbə endirilməsi üstünlük yaradıb: “Səhər saatlarında hücum qərarı, İranın ciddi hazırlığına baxmayaraq, İsrailə ikinci dəfə taktiki gözlənilməzlik əldə etməyə imkan verdi”.
Keçmiş Mossad rəsmisi və İran üzrə mütəxəssis Sima Şaynın sözlərinə görə, bu taktiki uğur bir-birindən 20 ildən çox zamanla ayrılan iki hadisənin kulminasiyası idi.
Birincisi, 2001-ci ildə keçmiş baş nazir Ariel Şaronun o vaxt Mossad rəhbəri olan Meir Daqana verdiyi göstəriş idi. Daqanın diqqəti Suriya, fələstinli yaraqlılar, Livandakı “Hizbullah” və digər məsələlərə yönəlsə də, baş nazir İrana prioritet verilməsini tələb etmişdi.
Şaynın sözlərinə görə, Şaron Daqana demişdi: “Mossadın gördüyü bütün işlər yaxşıdır, amma mənə İran lazımdır. Sənin hədəfin budur”.
“O vaxtdan bəri hədəf budur”, — Şayn deyib.
İsrail İranın nüvə proqramını sabotaj edib, alimlərini öldürüb, onun proksi qüvvələrinə qarşı mübarizə aparıb və hətta onun əsas müttəfiqi olan Suriyanın hərbi infrastrukturunu diktator Bəşər Əsəd devrildikdən sonra məhv edib.
Lakin İranın kəşfiyyat xidmətləri də güclü rəqib idi.
2022-ci ildə İran təhlükəsizlik xidmətləri ilə əlaqəli bir qrup ehtimal ki, Mossad rəhbərinin həyat yoldaşına məxsus telefondan əldə edilən məlumatları yayımladı.
2025-ci il müharibəsi zamanı İran Qüdsdəki videomüşahidə kameralarını hak edərək vurduğu zərərin görüntülərini real vaxtda əldə etdi — İsrail bu məlumatlara senzura tətbiq edirdi. İran, həmçinin, raket müdafiə sistemlərinin fotolarını satın almış və hətta prokurorluğunun məlumatına görə, israilli vətəndaşları satın alaraq sanballı siyasətçilərdən birinin qaçış marşrutunun xəritəsini hazırlamışdı.
Şayn əlavə edib ki, ikinci hadisə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın sərhədi keçərək həyata keçirdiyi hücum idi. İsrail bu hücumun İran tərəfindən dəstəkləndiyini iddia edir və bunun İsraildə çoxdankı düsturu dəyişdiyini bildirir: Misirin Camal Əbdül Nasirindən tutmuş Suriyanın Hafiz əl-Əsədinədək bir sıra düşmən dövlət başçılarının çevrəsinə nüfuz etmiş olsalar da, onların öldürülməsi hətta müharibə vaxtı belə tabu sayılırdı.
Xarici liderlərin öldürülməsi təkcə tabu deyil, həm də əməliyyat baxımından risklidir. Uğursuzluq həmin liderlərin nüfuzunu daha da artırır — məsələn, CIA-nın Fidel Kastronu öldürmək üçün etdiyi uğursuz cəhdlərdə olduğu kimi; uğur isə gözlənilməz xaos yarada bilər.
Lakin Şaynın sözlərinə görə, İsrailin ardıcıl kəşfiyyat uğurları — o cümlədən 2024-cü ildə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi və “Hizbullah”ın minlərlə peycer və radiosuna partlayıcı yerləşdirilməsi üçün 300 milyon dollarlıq çoxillik gizli layihə — özünəməxsus cazibə yaradır.
“İvrit dilində deyirik ki, “iştaha yemək vaxtı gəlir”. Yəni nə qədər çox əldə edirsənsə, bir o qədər çox istəyirsən”, — Şayn bildirib.
Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az



