“Xankəndidə Azərbaycan bayrağını çıxardılar ki…” – Deputat şok faktları açıqladı
Biz bir millət olaraq bəzən tez unutqanlığa vərdiş edirik. Yaxın tariximizdə – 1991-ci ildən 1994-cü ilə qədər ermənilərin Azərbaycana və millətimizə qarşı terror, soyqırımı əməllərini kimlərsə, nədənsə, unutmağa çalışır. Əsir və girovlarımızın başına ermənilərin açdığı oyunlar hələ də unudulmayıb. Ermənilər azərbaycanlıları bir eksponat kimi sıraya düzüb başlarına olmazın oyunlar açıblar. Ələ keçirdikləri qənimətləri də böyük həvəslə istifadə ediblər.
Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat xatırladıb ki, 1991-ci ilin payızında Təşkilat Komitəsi adlanan bir qurum bütün zəruri sənədlərini toplayıb Xankəndidən çıxaraq Ağdamda yerləşməli oldu:
“Həmin gün ermənilər Xankəndinin mərkəzində keçmiş Vilayət Partiya Komitəsinin binasının üzərində dalğalanan Azərbaycan bayrağını oradan çıxardılar. Xalqımızı təhqir etmək üçün həmin bayrağı bir itin boynuna bağlamışdılar. Onun şəklini çəkib “həvəslə” nümayiş etdirirdilər. Bunu kim unudub ki? Başqa bir fakt isə ermənilərin Şuşanı işğal etdikdən sonra məşhur 1 nömrəli məktəbin giriş qapısındakı pilləkənların üstünə Azərbaycan bayrağının şəklini çəkmələridir. Ora girib-çıxanlar üzərindən keçsinlər deyə… Erməni vəhşiliyini və xalqımıza qarşı olan təhqirlərini sadalamaqla bitməz”.
Deputat erməni hərbi maşınlarının nömrələrinə görə narahat olanlara da ismarış göndərib:
“Azərbaycan maşınlarını ermənilər qənimət kimi ələ keçirdikdıən sonra həmin avtomobillərin nömrəsini ayaqyolunun divarına düzmüşdülər. Bəlkə, güllələnmiş tarixi şəxsiyyətlərimizin heykəlləri kimlərinsə yadından çıxıb? Azərbaycan qalib dövlətdir. Qalib dövlət kimi qəhrəmanlarımızın qazandığı qələbəni də Hərbi Qənimətlər Parkında nümayiş etdiririk. Bu, Azərbaycan Ordusunun gücünü göstərir”.
Elman Məmmədov əlavə edib ki, erməni əsgəri həmin dəbilqələrlə 28 il Azərbaycan torpaqlarında işğalçılıq edib:
“Bunlar da tarix olaraq nümayiş olunmalıdır. Bu vacib tarixi güşədir. Xalqımız üçün böyük bir qürur mənbəyidir. Gələcək nəsillər bundan örnək götürməlidir. Çünki ermənilərin yaratdıqları səngərlər bizim torpaqlarda olub. Azərbaycan Ordusu bu sədləri darmadağın etdi və ədaləti bərpa etdi”.