Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi

Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndi şəhərində AUC2026 çərçivəsində panel sessiyalarla davam edib.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.
Forumun ikinci günündə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.
Daha sonra “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası 17 – 22 may tarixlərində Bakı şəhərində keçiriləcək. Foruma gedən yol çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.

























