Xocalı canisindən Bakıya TƏHDİD

Xəbər verdiyimiz kimi, Xocalı hərbi canisi, sabiq prezident Robert Köçəryan parlamentin “Ermənistan” blokundan qarşıdakı parlament seçkilərində baş nazirliyə namizəd olaraq elan edilib. Onun namizədliyini daşnaklar da dəstəkləyib.
“Ermənistanın bütün təhdidləri birgə neytrallaşdırmaq üçün güclü orduya, güclü liderə və güclü bir müttəfiqə ehtiyacı var. Biz Azərbaycanla sülh tərəfdarıyıq, amma bu sülh real zəmanətlərə əsaslanmalıdır. Bu, dünyada qanunun aliliyinin güc aliliyi ilə əvəz olunduğu bir vaxtda xüsusilə vacibdir”, – Köçəryan iddialı şəkildə bildirib.
O, həmçinin deyib: “Mən əminəm ki, şəri təmsil edən bu hakimiyyət məğlub olacaq”.
Köçəryan Paşinyan və komandasının iqtidara gəldiyi ilk gündən onunla mübarizəyə başladığını deyib:
“Və onlar gedənə qədər rahat olmayacağam. Yeri gəlmişkən, məni baş nazirliyə digər namizədlərdən fərqləndirən budur. Amma bu, kifayət deyil. Minlərlə qəhrəmanımızın ölümünə səbəb olanlar, “artsaxı” təslim edənlər və bu gün xalqa qəhrəmancasına müqavimət tarixini unutduran şəxslər cavab verməlidirlər”, – Koçaryan bildirib və əlavə edib ki, “ölkənin təhlükəsizlik modeli üçün tamamilə etibarlı bir format təmin edə bilər”.
Göründüyü kimi, Xocalı canisi sətiraltı Azərbaycanı da faktiki təhdid edib.
“Köçəryan hakimiyyətə müharibə gündəmi ilə qayıtmaq istəyir”.
Bunu isə erməni siyasi analitik Hrayr Manukyan deyib.
Onun fikrincə, sabiq prezident hakimiyyətə qayıdacağı təqdirdə Ermənistana kənardan dəstəyin veriləcəyi müharibəyə girmək istəyir və o istisna etmir ki, Köçəryanın mümkün qayıdışı yeni savaşa səbəb olacaq.
“Robert Köçəryan Ermənistanı birbaşa müharibəyə aparmaq istəyir. Köçəryan faktiki olaraq Azərbaycana açıq mesaj verir ki, “fürsət düşən kimi sənə hücum edəcəyəm”. O, qarantiyalı müharibə istəyir. Həmçinin, o bilir ki, xalqımızın böyük əksəriyyəti sülh istəyir, sadəcə cəmiyyəti çaşdırmağa çalışır”, – Manukyan əlavə edib.
Köçəryanın şansı necə qiymətləndirilir? Rusiya ona hara qədər dəstək verə bilər? Moskvanın əsas namizədi və Paşinyanın əsas rəqibi o olacaq, yoxsa ev dustaqlığındakı rusiyalı oliqarx-milyarder Samvel Karapetyan? Vahid namizəd mümkün olacaqmı?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Robert Köçəryanın baş nazirliyə namizəd irəli sürülməsi Ermənistan siyasi mühitində ciddi müzakirələrə yol açıb və müxtəlif rəylər söylənməkdədir:
“Köçəryan revanşist qüvvələrin əsas liderlərindəndir. 2021-ci ildə keçirilən seçkilərdə də o, müxalifətin əsas namizədi idi və onun bloku cəmi 20 faiz səs toplaya bilmişdi. O dövrdən sonra Köçəryanın və digər müxalifət liderlərinin reytinqində ciddi enmə yaşanıb. Faktiki olaraq bu seçkilərdə müxalifət nümayəndələrinin təkbaşına qalib gəlmək imkanları demək olar ki, yoxdur. Nikol Paşinyanın qələbə şansı var. Amma bu qələbə ona təkpartiyalı hökuməti qurmağa imkan verəcəkmi? Bu, hələlik suallar yaradır.
O ki, qaldı Köçəryanın seçiləcəyi halda Azərbaycanla müharibəyə başlamaq niyyətlərinə o, kifayət qədər hiyləgər və ağlı başında olan birisidir, yaranmış reallıqları yaxşı bilir. Doğrudur, Köçəryan hakimiyyətə gələrsə,ı Ermənistanla Azərbaycan arasında münasibətlər yenidən gərginləşəcək. Bu da bölgədə yeni münaqişə riskinin ortaya çıxması demək olacaq. Amma Ermənistanda istər Köçəryan olsun, istər digər başqasının hakimiyyətə gəlməsi və Azərbaycanla müharibəyə cəhd etməsi Ermənistan üçün olduqca ağır nəticələrə gətirə bilər. Bunu Ermənistanda ağlı başında olan hər kəs anlayır”.
Politoloq hesab edir ki, Köçəryanın seçkidə təkbaşına hakimiyyətə gəlmək imkanları məhduddur:
“Samvel Karapetyan hazırda Moskvanın dəstəklədiyi ən ciddi fiqurdur. Çünki Köçəryana Ermənistan cəmiyyətində münasibət mənfidir, Karapetyana münasibət isə nisbətən pozitivdir. Ermənistan müxalifəti vahid namizədlə seçkiyə getmək deyil, Gümrü variantı ilə getmək taktikasına üstünlük verir. Taktika bundan ibarətdir ki, müxalif qüvvələr ayrı-ayrı bloklarla seçkiyə gedir, baryeri keçir və parlamentdə birləşərək hakimiyyət namizədinin seçilməsinin qarşısını alırlar”\.Etibar Seyidağa,\
Polise.az



