Xocalının Daşbulaq kəndinə ilk köç baş tutdu – YENİLƏNDİ – 2

Qarabağa böyük qayıdış prosesi davam edir.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatıb.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinlərə kənddə infrastruktur – içməli su, elektrik, qaz xətləri, yol və digər zəruri sosial obyektlərin artıq istifadəyə verildiyini deyib.

Daşbulağa qayıdan sakinlər də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşüb.

***

17:41

Xocalı rayonu Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışını təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönən ailələr yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidlərimizi hörmətlə anıblar.

Qeyd edək ki, Daşbulaq kəndinə ilk mərhələdə 67 nəfərdən ibarət 13 ailə köçürülüb.

***

17:00

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Daşbulaq kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bir azdan kəndə köçürülən 13 ailəyə evlərin açarları təqdim ediləcək.

***

15:57

Xocalı rayon Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə olmaqla 67 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Daşbulaq kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button