Xocalının qisası alındı: Soyqırımı qurbanlarının xatirəsini qalib ölkə kimi anırıq – Şərh
28 ildir Qarabağ müharibəsindəki ən qəddar qırğının – Xocalı soyqırımının anımını dərin hüznlə yad edirdik. İllər keçdikcə, ümumxalq hüznünün çalarlarında Xocalı faciəsinin qisasının alınmasına inam azalırdı.
Şüarlarda bir xalqın harayında qəmgin çalarlar üstünlük təşkil edirdi – haqqımız idi, amma nikbin ola bilmirdik, ona görə ki, məğlub ölkə idik.
Soyqırımının 29-cu ili isə fərqli şüarlarla çıxış etməyin zamanının yetişdiyi ildir.
Niyə? Çünki Azərbaycan dövləti, Ordumuz İkinci Qarabağ müharibəsində 44 gün ərzində 28 illik ağıya son qoydu, Xocalının qisası alındı, qələbə qazanıldı.
Qələbə yolunda Xocalı cəlladlarının varislərinin meyitləri
Qələbəyə gedən yolda Xocalı soyqırımını törədən ordunun, erməni hərbi birləşmələrinin tör-töküntüləri məhv edilir, yerdə qalanlar isə qaçıb gizlənməyə siçan deşiyi axtarırlar.
Boğazımızdan asılan “Xocalı daşını” müzəffər Ordumuz Vətən müharibəsində çıxarıb ermənilərin başına çırpmaqla qisas aktını həyata keçiriblər.
Müdafiə Nazirliyinin yaydığı kadrlarda erməni hərbçilərin qaçışı, döyüşməyə həvəslərinin olmaması, qorxudan silah-sursatlarını atıb döyüş mövqelərini tərk etməsi, onlara vurulan dəqiq zərbələri görürürük. Azərbaycanın qələbə yolunda erməni meyitləri doludur, heç onlara yiyə duran da yoxdur.
Ancaq bu qisas aktının ermənilərin Birinci Qarabağ müharibəsində törətdiklərindən bir fərqi var – mülki erməni əhalisi hədəfə alınmır, silahlar, raketlər, pilotsuz zərbə aparatları yalnız Koçaryan-Sarqsyan cütlüyünün Qarabağda qurduqları işğalçı orduya atəş açır.
Bəli, vaxtı ilə Xocalı soyqırımını törətməkdən fəxrlə və həyasız məzmunda danışan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan indi özünə tərəfdar toplamaq üçün saman çöpünə əl atır, axı Vətən müharibəsindəki qələbə həm də Sarqsyanın məğlubiyyətidir. Axı onun qurub yaratdığı ordu məğlub olub, məhv edilib.
Digər Xocalı canisi, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə Vətən müharibəsində yaralanır və artıq çıxış yolu qalmadığını görüb qaçır. Guya Ohanyan öz qatil general təcrübəsini bölüşmək və əməliyyatlarda iştirak üçün Şuşaya gəlmişdi. Ohanyan üçün ən asanı mülki əhaliyə silah tuşlamaqdır, dinc əhaliyə qarşı qəddarlıq aktını həyata keçirməkdir. Lakin Ohanyan unutmuşdu ki, bu dəfə hərb meydanında Azərbaycanın qəhrəman hərbçiləri ilə üz-üzə gələcək və başına od ələnəcək. General-polkovnik Şuşa işğaldan azad olunan zaman ilk qaçanlardan olur – hanı bəs sənin general-polkovnik rütbənə uyğun təcrübən?
Bu cəsarət nə Robert Koçaryanda, nə Serj Sarqsyanda, nə də Seyran Ohanyanda var – onlar əllərini dinc, köməksiz mülki əhalinin qanına batıraraq “karyeralarında” irəliləyiblər.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin noyabrın 16-da işğaldan azad edilmiş Füzulidə çıxış edərkən Koçaryan-Sarqsyanın başına öz sözləri ilə od ələyir:
“Biz Koçaryan-Sarqsyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarqsyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.
Əli qana batmış Koçaryan-Sarqsyan-Ohanyan üçlüyünün yer alan tör-töküntü ordusu darmadağın edilir, Ermənistan kapitulyasiyaya imza atmağa məcbur olur.
Hanı indi Sarqsyanın Xocalı faciəsini törətdiklərinə görə qürrələndiyi alçaq və murdar fikirləri? Sarqsyandan sitatı yada salaq: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”. Öz başına dəydi. Hanı indi Koçaryanın “ağıllı” məsləhətləri və Ohanyanın hərbi-nəzəri taktikası? Ağızlarından çıxıb üstlərinə töküldü.
Statistik məlumatlar
Xocalı soyqırımından yazarkən bir gecədə törədilən amansız cinayətin statistikası mütləq diqqətdə olmalıdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə blokadada qalan Xocalı şəhərini dörd tərəfdən ağır artilleriyadan atəşə tuturlar.
Nəticədə şəhərdə yanğınlar baş verir və fevralın 26-da səhər saat 5 radələrində şəhər tam alova bürünür.
Erməni terrorçularının mühasirəsində qalan şəhərdə təqribən 2500 nəfər dinc əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur olur.
Erməni silahlı dəstələri təkcə Xocalıda deyil, şəhərdən çıxmağa imkan tapmış dinc əhaliyə qarşı soyqırım törədirlər. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilir.
Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Faciədən sonra əsir götürülən azərbaycanlılar amansız işgəncələrə məruz qalıblar.
Xocalının qisası Birinci Qarabağ müharibəsində də qismən alınıb
Ermənistan Xocalı faciəsini törətmək üçün Livanda təlim keçmiş muzdlu “Arabo” batalyonunun da əməyindən yararlanıb.
Quldurluq, vəhşilik “Arabo”nun kredosu olub. “Arabo” Qarabağ müharibəsində bir çox terrora imza atıb, o cümlədən Xocalı soyqırımında iştirak edib.
Yeqizaryan Xocalı faciəsindən öncə Sarqsyanın xeyir-duasını alır
Lakin 1992-ci ilin iyun ayının axırlarında Gəncə batalyonu Tərtərin Həsənqaya kəndi yaxınlığında “Arabo” cəlladlarını məhv edir. 160 erməni terrorçu məhv edilir, “Arabo”nun şişman bədənli, vahiməli görünüşü olan komandiri Manvel Yeqizaryan isə bir neçə tör-töküntüsü ilə döyüş meydanını tərk edir, üstündən illər keçdikdən sonra “Arabo”nun darmadağın olunmasını etiraf edir.
Xocalı bu ili tək kədərlə yox, qürurla anılır
Xocalı üçün ədaləti Azərbaycan Ordusu bərqərar etdi, amma beynəlxalq məhkəmələrdə və tribunalarda hələ ədalət təcəssüm etməyib. Bununla belə deyə bilərik – 29 ildən sonra Xocalı qurbanlarını artıq başı uca, qalib ölkə kimi anırıq.