Xocavənddə minaya düşən traktorçunun əli amputasiya olundu – YENİLƏNDİ

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlunun sol əli bilək nahiyəsindən amputasiya olunub.
Onun ayağından aldığı xəsarət isə əməliyyat yolu ilə bərpa edilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
***
15:24
Xocavənd rayon Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçu Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, bu gün traktorla işləyən zaman minaya düşən Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1984-cü il təvəllüdlü (kişi) 11.11.2026-cı il tarixində saat 12:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sol saidin aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sol said sümüklərinin yerdəyişmiş sınığı, sol baldır sümüklərinin aşağı 1/3 hissəsinin yerdəyişmiş sınığı, sol aşağı ətraf oynağının çıxığı, eləcə də bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi müdaxilələr göstərilib və cərrahi əməliyyata alınıb.
***
14:34
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Polise.az



