“Ya hamı, ya heç kim”: Tehran körfəzdə dəniz blokadasının şərtlərini açıqladı

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının rəsmisi Hörmüz boğazı və körfəz sularındakı dəniz nəqliyyatı ilə bağlı dünya iqtisadiyyatını lərzəyə gətirəcək bəyanatla çıxış edib.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, İran komandanlığı Fars və Oman körfəzlərindəki limanların təhlükəsizliyinə dair “hamı və ya heç kim” prinsipini elan edib.
Bəyanatda kəskin şəkildə vurğulanıb ki, düşmən dövlətlərlə əlaqəsi olan gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və bundan sonra da olmayacaq. Bu, birbaşa ABŞ və onun hərbi müttəfiqlərinin tankerlərinə qarşı yönəlmiş qadağadır.
Digər ölkələrə məxsus gəmilərin boğazdan keçidinə yalnız bir şərtlə icazə veriləcək: Onlar İran İslam Respublikası Silahlı Qüvvələrinin müəyyən etdiyi qaydalara tam əməl etməlidirlər.
“Əgər İranın limanlarının təhlükəsizliyi təhlükə altına düşərsə, Fars və ya Oman körfəzindəki heç bir liman təhlükəsiz qalmayacaq”, — deyə rəsmi nümayəndə bildirib.
Bu mesaj BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrin strateji limanlarının da hədəfdə olduğuna dair birbaşa xəbərdarlıqdır.
Analitiklər hesab edirlər ki, İranın bu addımı neftin qiymətinin 100 dollardan daha yuxarı qalxmasına və qlobal dəniz ticarətinin iflic olmasına səbəb ola bilər.
Polise.az



