Yağış probleminə görə icra başçılarına xəbərdarlıq edildi
Bakı Şəhər İcra Hakimiyyətində videokonfrans formatında müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçılarına və bəzi xidmət sahələrinin rəhbərlərinə yol verilən nöqsanlara görə ciddi xəbərdar edib.
Bəzi icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair videokonfransda bildirilib ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu, İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür.
İcra başçıları “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar.
Müşavirədə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.