Yaxın Şərq: Yeddi ərəb ölkəsi İranı pislədi, Qətər Tehrana hücumun anonsunu verdi – YENİLƏNİR

İranın Qətərə qarşı atdığı addımlar cavabsız qala bilməz.
Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən CNN-ə deyib.
“İranın hücumları beynəlxalq hava limanı da daxil olmaqla, Qətərin mülki infrastrukturunu hədəfə alıb. Qətər Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri dronları zərərsizləşdirib. İran xalqımıza qarşı bu aşkar hücumların bədələni ödəməlidir. Bu cür hücumlar cavabsız qala bilməz”, – XİN qeyd edib.
***
13:41
Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ birgə bəyanatla İranın ayrı-seçkilik qoymadan və ehtiyatsız raket və PUA hücumlarını qətiyyətlə pisləyib.
***
12:49
ABŞ rəsmiləri “The Washington Post”a bildiriblər ki, İrana qarşı əməliyyat zamanı öldürülən amerikalı əsgərlər Küveytdə yerləşən bölmənin tərkibində olublar, arxa bölmələrdə xidmət ediblər.
ABŞ Mərkəzi Komandanlığı bundan əvvəl İrana qarşı əməliyyat zamanı üç amerikalı əsgərin ölümünü təsdiqləyib. Daha beş hərbçi ağır yaralanıb.
***
12:46
Pentaqon Küveytdə ən azı bir ABŞ hərbi təyyarəsinin vurulduğunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsünə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ən azı bir Amerika təyyarəsi vurulub, ekipaj heyəti salamatdır.
Küveyt Müdafiə Nazirliyi bundan əvvəl ölkənin hava məkanında bir neçə ABŞ hərbi təyyarəsinin vurulduğunu bildirmişdi.
***
12:41
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Ras Tanuradakı “Aramco” neft emalı zavoduna hücum edən iki İran PUA-sını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin, “Fars” xəbər agentliyinin yazdığına görə, SEPAH BƏƏ-də “Amazon Web Services” məlumat mərkəzinə kamikadze dronu ilə zərbə endirib.
***
12:34
İranın dövlət televiziyası iddia edir ki, Bəhreyndəki ABŞ hərbi bazası və İraqın Ərbil şəhərindəki ABŞ konsulluğu hava zərbələri nəticəsində dağıdılıb.
İddiaya görə, konsulluq artıq istifadəyə yararsızdır.
Həmçinin İran ordusu bəyan edib ki, Silahlı Qüvvələr ABŞ-nin Küveytdəki Əs-Salem hərbi bazası və Hind okeanının şimalındakı gəmilərinə raket zərbələri endirib.
***
12:19
İran və Livana hava hücumları davam edir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilib.
“Hazırda İsrail Hərbi Hava Qüvvələrinə məxsus yüzlərlə qırıcı təyyarə eyni vaxtda İran və Livana hücum edir. İsrail vətəndaşlarına qarşı addımlar atan hər kəs bunların bədəlini öz canlarını ilə ödəyəcək”, – açıqlamada qeyd olunub.
***
11:56
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə hərbi təyyarə hava hücumu ilə əlaqədar Küveyt ərazisində qəzaya uğrayıb, pilotlar sağdır.
Teleqraf xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin, İranın dövlət televiziyası Bağdaddakı (İraq) Viktoriya düşərgəsində ABŞ-nin “Palmjet” təyyarəsinin vurulduğunu iddia edib.
***
11:54
Məlumata görə, Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin “Ras Tanura” neft emalı zavodu İranın hava zərbələrindən sonra fəaliyyətini dayandırıb:
“Neft emalı zavodu ehtiyat tədbiri olaraq bağlanıb”.
***
11:35
SEPAH İsrail vətəndaşlarını hərbi obyektlər və dövlət binalarından uzaq durmağa və dərhal ölkə ərazisini tərk etməyə çağırıb.
***
11:29
“Al Hadas”ın məlumatına görə, Livanın cənubundakı 30 kəndə zərbələr endirib.
Hava hücumu zamanı “Hizbullah”a məxsus hərbi obyektlərin hədəfə alındığı bildirilib.
***
11:26
İsrail KİV ABŞ tərəfindən batırılan üç İran gəmisinin peyk görüntülərini yayımlayıb.
Gəmilərin Bəsrə körfəzində batırıldığı bildirilir.

***
11:21
İran Hərbi Hava Qüvvələri Səudiyyə Ərəbistanının “Aramco” neft zavodlarına hücum edib.
İran 2019-cu ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum həyata keçirib.
Mənbə “Reuters”ə İranın Səudiyyə Ərəbistanının Ras Tanura şəhərindəki “Aramco” obyektlərinə hücum etdiyini təsdiqləyib.
***
11:17
İran dövlət televiziyası ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsinin Küveyt səmasında İran hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.
Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, İsrailin Təl-Əviv şəhərindəki hökumət binası, Hayfa və Qüdsün (Yerusəlim) şərqindəki hərbi hədəflərə raket zərbələri endirib.
SEPAH İsrailə 10-cu raket dalğasını həyata keçirdiyini bəyan edib.
***
11:11
İranın hücumları nəticəsində Yaxın Şərqdəki ən azı altı ABŞ hərbi bazası və digər obyektləri müxtəlif növ ziyana məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
İran xüsusilə Bəhreyn, İraq, BƏƏ və Küveytdəki Amerika hərbi obyektlərinə zərbələr endirib.
***
10:53
“Al Manar” TV Livan “Hizbullah”a istinadla bildirib ki, hərəkat İranın Ali rəhbəri Əli Xameneinin qisasını almaq üçün İsrailə hücuma keçib.
İsrail ordusu da rəsmi açıqlamasında buna cavab olaraq Livan boyunca “Hizbullah”la bağlı hədəflərə hücumlar başlatdığını açıqlayıb.
Almaniya xarici işlər naziri Yohann Vadeful baş verənlər fonunda bəyan edib ki, Avropa İttifaqı Yaxın Şərqdəki müharibənin daha uzun müddət davam etməsi ehtimalına hazırlaşır.
***
10:46
ABŞ-nin Küveytdəki səfirliyi hava hücumu təhlükəsi səbəbindən insanları diplomatik nümayəndəliyə baş çəkməməyə çağırıb:
“Küveytə raket və pilotsuz təyyarə hücumları təhlükəsi qalmaqdadır. Səfirliyə gəlməyin. Binaların ən aşağı mərtəbəsinə, pəncərələrdən uzağa sığının”.
***
10:42
İran KİV-in məlumatına görə, İran Bəhreyndə limana zərbə endirib.
Həmin liman vasitəsilə İranda bombardman hazırlığı üçün ABŞ-nin logistika avadanlıqlarını daşıdığı iddia edilib.
***
10:37
Ərbil (İraq) hava limanı yaxınlığında partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edilib ki, ABŞ qüvvələrinin yerləşdiyi limanı üzərində üç dron vurulub.
Partlayışların İranın ABŞ-nin bölgəki hərbi bazalarına hava zərbələri ilə əlaqəli olduğu bildirilib.
***
10:30
ABŞ Dövlət Departamenti İsrailin hücumları fonunda Amerika vətəndaşlarını dərhal Livanı tərk etməyə çağırıb.
***
10:21
İran Hərbi Hava Qüvvələri ABŞ-nin Bəhreyndə yerləşən 5-ci Donanmasının qərargahına hücum edib.
Küveytə hücum zamanı isə ABŞ səfirliyinin hədəfə alındığı bildirilir.
***
10:16
KUNA-nın məlumatına görə, İranın vurulan raket və dronlarının qalıqları Küveytin Əhmədi limanındakı neft emalı zavodunun ərazisinə düşüb.
Nəticədə iki işçi yüngül xəsarət alıb. Hadisə zavodun fəaliyyətinə təsir etməyib və zavod normal fəaliyyətini davam etdirir.
Həmçinin, İsrail ordusu Livanda “Hizbullah” terror təşkilatına qarşı hücuma başlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
***
10:00
“Fars” xəbər agentliyinin məlumatına görə, İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket və dronlarla yeni hücum dalğasına başlayıb.
Hücum zamanı Bəhreyn, Küveyt, Əbu-Dabi və Dubay (BƏƏ), Qətərdə isə Doha şəhəri vurulub.
***
09:52
İsrail hərbi qüvvələri İrandan ölkənin cənubuna yeni raket atışı aşkar edib.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, bu, İranın yarım saat ərzində ikinci raket xəbərdarlığıdır.
***
09:33
İran Hərbi Hava Qüvvələri İsrailə yeni hava zərbələri endirib.
Hava hücumu ilə əlaqədar ölkənin Şefelada, Şaron, Yerusəlim (Qüds) və digər yaşayış məntəqələrinə həyəcan siqnalı verilib.
İran həmçinin Bəhreynə də hava zərbələri endirib. Bəhreyn hava hücumundan müdafiə sistemləri Manama səmasında bir neçə raket və dronu zərərsizləşdirib.
ABŞ hərbi bazasının yerləşdiyi Manamanın ətrafındakı Əl-Cufairdə partlayış baş verdiyi bildirilib.
***
09:28
İran Hərbi Hava Qüvvələrinin raket zərbələrindən sonra Dubayda (BƏƏ) partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Qətərin paytaxtı Dohada bir neçə istiqamətdə partlayışlar baş verib.
***
09:23
İsrail Müdafiə Qüvvələri Livana qarşı genişmiqyaslı hücuma başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
İsrail ordusunun hədəflərinə Livanın bir sıra bölgələrində “Hizbullah”a məxsus obyektlər, o cümlədən silah anbarları və digər hərbi infrastrukturlar daxildir.
Hücumun İranda ABŞ ilə birgə aparılan hərbi əməliyyatlara paralel olaraq başladığı bildirilib.



