Yeni başlanğıc: Cey Di Vensin Qafqaz səfəri – Zəngəzur dəhlizi açılır? – ŞƏRH

ABŞ vitse‑prezidenti Cey Di Vens fevralın 9‑dan 11‑ədək Ermənistan və Azərbaycan ərazilərinə rəsmi səfər edib. Bu diplomatik səfər Tramp administrasiyasının regionda sülh prosesini dəstəkləmək, əvvəllər Vaşinqtonda imzalanmış Azərbaycan‑Ermənistan sülh razılaşmasının tətbiqini irəli aparmaq və “Trump Route for International Peace and Prosperity (TRIPP)” nəqliyyat və iqtisadi dəhliz layihəsini təşviq etmək məqsədi daşıyır.
Vens Ermənistanda tarixə düşəcək bir ziyarət edib – o, bu ölkəyə səfər edən ilk oturan ABŞ vitse‑prezidenti olub və İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanlə görüşərək sülh və əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə tərəflər iqtisadi inkişaf, enerji sahəsində əməkdaşlıq və sülh quruculuğu üzrə əlaqələri gücləndirmək niyyətlərini açıqlayıblar.
Vensin fevralın 10-da Azərbaycana da rəsmi səfəri başlayıb. Səfər çərçivəsində o, Prezident İlham Əliyevlə təkbətək görüş keçirib.
Turkustan.az olaraq ABŞ vitse‑prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycan səfəri ilə bağlı politoloq Oqtay Qasımovun mövqeyini öyrəndik.

Oqtay Qasımov
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Ceyms Vensin Cənubi Qafqaza səfəri Ermənistan və Azərbaycana etdiyi ziyarətlər fevral ayına təsadüf edən olduqca ciddi və əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Bu səfər ilk növbədə Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionuna artan maraqları kontekstində dəyərləndirilməlidir.
Səfərin əsas məqamlarından biri 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşma ilə bağlıdır. Söhbət sülh müqaviləsinin paraflanması və sülh prosesinin irəlilədilməsi istiqamətində ABŞ-ın mövqeyinin nümayiş etdirilməsindən və bu prosesə verdiyi dəstəkdən gedir. İkinci əsas məqsəd Zəngəzur dəhlizinin — bəzi mənbələrdə “Tramp marşrutu” kimi təqdim olunan layihənin açılmasına Amerika Birləşmiş Ştatlarının dəstəyini ifadə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Üçüncü mühüm məqam ondan ibarətdir ki, Ceyms Vensin bu səfəri ABŞ ilə İran arasında danışıqların davam etdiyi və regionda gərginliyin yüksək olduğu bir dövrə təsadüf edir. Bu amil səfərin geosiyasi əhəmiyyətini daha da artırır. Ümumilikdə, bu səfər həm regional məsələlərin müzakirəsi, həm də ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca kritik önəm daşıyır. Sülh prosesinin irəlilədilməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlarla yanaşı, ABŞ-ın Ermənistanla münasibətlərinin dərinləşdirilməsi də gündəmdədir. Buraya xüsusilə Ermənistanın nüvə enerjisi sahəsi ilə bağlı məsələlər daxildir.
Daha dəqiq desək, artıq texniki baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının əvəzində daha müasir və təhlükəsiz nüvə texnologiyalarının tətbiqinə ABŞ-ın dəstəyinin ifadə olunması mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, ABŞ-ın texnologiya şirkətlərinin, xüsusilə “Nvidia”nın Ermənistanda yarımkeçirici və çip istehsalı sahələrinin yaradılması ilə bağlı aparılan danışıqları da bu səfərin diqqətçəkən istiqamətlərindəndir.
Beləliklə, Ceyms Vensin səfəri Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionundakı maraqlarını açıq və sistemli şəkildə ortaya qoyan mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu maraqlar həm Ermənistan, həm də Azərbaycanla münasibətlərin dərinləşdirilməsini əhatə edir. Xüsusilə Ermənistan səfərindən sonra Azərbaycana planlaşdırılan ziyarət xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda keçiriləcək görüşlər zamanı Azərbaycan–ABŞ strateji tərəfdaşlığının inkişafı, müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Eyni zamanda Orta Dəhliz layihəsi ilə bağlı məsələlər də gündəmdə olacaq. Amerika Birləşmiş Ştatlarının Azərbaycana marağının əsas səbəblərindən biri ölkənin regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar, eləcə də müasir nəqliyyat və kommunikasiya şəbəkələrinə malik olmasıdır. Azərbaycan Türk dünyası, Orta Asiya və Qərb arasında mühüm körpü rolunu oynayır. Qeyd etmək lazımdır ki, ABŞ-ın maraqları yalnız Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda Orta Asiya regionunu da əhatə edir. Bir ay əvvəl Orta Asiya dövlət başçılarının ABŞ-a səfəri və Donald Trampla görüşü bu baxımdan tarixi əhəmiyyət daşıyır.
ABŞ eyni zamanda Türkiyə və Cənubi Qafqazda mövqelərini gücləndirmək, bölgədə sülhün və sabitliyin təmin olunmasında fəal rol oynamaq niyyətindədir. Bu çərçivədə regional maraqların balanslaşdırılması və uzunmüddətli sabitliyin təmin edilməsi əsas hədəflərdən biridir. Bu baxımdan həm Azərbaycan, həm də Ermənistan Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə aparılan sülh prosesində maraqlıdır. ABŞ administrasiyası hazırda Cənubi Qafqazda sülhün əldə olunmasında və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf kimi çıxış edir və bu prosesə açıq şəkildə dəstək verir.



