“YENİ “SSRİ”-nin başında ağlını itirmiş diktator duracaq…” – “Rusiyanı çöküş və tarixin kandarına yuvarlanmaq gözləyir”

Kremlin Ukraynaya təcavüzünə cavab olaraq Qərb dünyası Rusiyanın iqtisadi-maliyyə sistemini ağır sanksiya atəşinə tutub. Sanksiyalar səbəbindən Rusiyanın valyuta və fond bazarlarında yaranmış sarsıntılar tədricən iqtisadiyyatın real sektorunda da hiss edilməyə başlayıb. Ekspertlər bildirirlər ki, bu, yalnız ilkin əlamətlərdir və zaman keçdikcə Rusiya iqtisadiyyatı hərtərəfli kollapsa düşəcək.

Sözügedən məsələylə bağlı Ukraynanın “Unian.net” portalında dərc olunan materialların bir qismini oxucularımıza təqdim edirik.

“Zombiləşmiş rusiyalıların əksəriyyəti Kremlin “xüsusi əməliyyat” adlandırdığı təcavüzü dəstəkləyirlər və onlar hesab edirlər ki, bunun nəticəsində milli iqtisadiyyat böyüyəcək və həyat səviyyəsi yüksələcək. Beyinləri təbliğat maşınının yalanları ilə zəhərlənənlərin düşündüklərinin əksinə olaraq, Rusiyanı ağır günlər gözləyir.

Dünyanın aparıcı şirkətləri Moskvanın Ukraynaya qarşı həyata keçirdiyi təcavüzə etiraz olaraq Rusiyanı tərk edirlər. Rusiyanı tərk edən və oraya məhsul və təchizat göndərməyəcək şirkətlərin siyahısı xeyli uzundur. Onların arasında Almaniyanın “Audi”, ”BMW”, ”Mercedes Benz”, Yaponiyanın ”Honda”, ”Toyota”, Fransanın “Renault” avto konsernləri, ”Microsoft”, “Apple”, ”Siemens”, ”Coca Cola”, ”McDonalds”, ”Starbucks”, ”Dell”, ”Adidas”, ”Procter& Gamble” kimi tanınmış şirkətlər də var. Bundan başqa, Rusiya “Avroviziya”ya, ”Formula 1”-ə, UEFA-ya, “FİFA”-ya da əlvida deyəcək.

Rusiyanı “Netflix”, “Twitter”, həmçinin də “Universal Pictures”, “Warner Bros” “Paramount” kinoşirkətlərində də bloklayıblar. İsveçin “IKEA” şirkətinin Rusiyadan çıxmaq qərarını eşidənlər tələsik mağazalardakı məhsulları almağa cumublar və oradakı vəziyyət cəbhədəkindən də qızğın olub…

Bu şirkətlərin Rusiyadan çıxması nəinki məhsul qıtlığına səbəb olacaq, eyni zamanda minlərlə iş yeri də bağlanacaq. Ekspertlər deyirlər ki, ”IKEA”-nın bağlanması nəticəsində 15 min iş yeri itiriləcək. Xaricdən gələn ehtiyat hissələrinin çatışmazlığı üzündən Tolyattidəki avtomobil zavodunda (Renault-Nissan) 35 min işçi məvacibsiz qalacaq. Hələ bunlar Rusiyanın itirəcəklərinin cüzi hissəsidir.

“Dəmir pərdə”yə qayıdış Rublun çökməsi və valyuta çatışmazlığı üzündən rusiyalı turistlər üçün Türkiyədə istirahət 80%, Misirdə isə 65% bahalaşıb. Digər yandan, artıq əksər beynəlxalq turist xidmətləri Rusiyadakı işini dayandırıb. Ümumdünya Turist Təşkilatı təcili surətdə icra şurasının sessiyasını çağırıb. Həmin yığıncaqda Rusiyanın bu təşkilatdakı üzvlüyünün dayandırılmasına baxılacaq. ”Booking.com”, ”Airbnb” və “Expedia” kimi xidmətlər Rusiya ilə bağlı işlərini dayandırıblar.

Maliyyə xidməti sahəsində də Rusiyaya böyük zərbə vurulur. ”Visa” və “Mastercard” Rusiyadakı fəaliyyətlərini durdurub. Sanksiyalara məruz qalmış Rusiya Mərkəzi Bankı rusiyalılara məsləhət görür ki, xaricə gedərkən özləri ilə nağd pul götürsünlər. Rusiyanın “Mir” ödəmə sistemi yalnız yeddi ölkədə qəbul olunacaq. Bu ölkələr Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.

“Sanksiyalar tortundakı gilənar” isə Rusiya nəqliyyat vasitələrinə qoyulan qadağalardır. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi öz gəmilərinə göstəriş verib ki, Böyük Britaniyanın, Kanadanın və Avropa Birliyi ölkələrinin limanlarından yan keçsinlər. Çünki Rusiya gəmilərinə və aviaşirkətlərinə qarşı sanksiyalar qoyulub.

Ona görə də Rusiya aviaşirkətləri bütün beynəlxalq reysləri dayandırıb. Avropadakı ruslar bu kollapsı şəxsi həyatlarında hiss edirlər. Bundan sonra xaricə səfərlər onların yadına yalnız xoş xatirələr kimi düşəcək. Rusiya kimi böyük ərazisi olan ölkənin hava və dəniz marşrutlarının bağlanması iflic olmaq deməkdir. Beynəlxalq aviasiya nəhəngləri “Airbus” və “Boeing” də Rusiyaya satışı və texniki xidməti dayandırıb.

Rusiya iqtisadiyyatı dərin uçuruma yuvarlanır

Qlobal planda Rusiya iqtisadiyyatı dərin uçuruma yuvarlanır. Dünyanın üç ən iri beynəlxalq reytinq ağentlikləri “Moodys”, ”S&P” və “Fitch” Rusiyanın kredit reytinqinin “zibil” səviyyəsinə qədər endirib.

“JP Morgan” bankının ekspertlərinin proqnozlarına görə, Rusiya iqtisadiyyatı 1998-ci ildən də sərt düşəcək. ”Financial Times” isə yazır ki, Rusiya iqtisadiyyatı 2-ci rübün sonunda 35% daralacaq. Onların fikrinə görə, hazırda sanksiyalar sabitliyin iki mühüm sütununu dağıdır. Bunlar Mərkəzi Bankın valyut ehtiyatları və indiki əməliyyatların müsbət saldosudur.

“Rusiya daha pis vəziyyətə hazırlaşsın”

Rusiya iqtisadçısı, Çikaqo Universitetinin professoru Maksim Mironov deyib: ”Rusiya Mərkəzi Bankının 650 milyard dollar dəyərində qızıl valyuta ehtiyyatı olsa da, bunun 70 faizinə həbs qoyulub, əldəkı qızıl ilə nə edilcəyi də bəlli deyil. İndi əksəriyyət elə hesab edir ki, Rusiya uzun illər ərzində çoxsaylı zavodlar tikib. Amma bütün bu avtomobil, aviasiya, məişət texnikası və digər zavodların son məhsulları xarici komponentlər hesabına buraxılır. Yəni, yaxın aylarda bizi bütöv istehsal sahələrinin dayanması gözləyir. Bunun nəticəsində məhsul qıtlığı, kütləvi işsizlik yaranacaq. Belə olan halda, müvafiq surətdə vergi yığmı aşağı düşəcək, büdcə təşkilatlarında işləyənlərə məvacib verilməsi problemi ortaya çıxacaq. Hətta Rusiyada təyyarələr də uçmayacaq, onların demək olar ki, hamısı xaricdən idxal edilib, Qərb artıq təyyarələr üçün ehtiyat hissələri göndərilməsinə qadağa qoyub. Yaxın zamanlarda rusiyalıları zəruri tələbat mallarında qıtlıq gözləyir. Mən “İphon”-lardan danışmıram, söhbət qidadan, geyimdən, avtomobillərdən, məişət texnikasından, dərmanlardan, kosmetikadan, uşaq yeməklərindən və sairədən gedir. Artıq böyük operatorlar Rusiyaya konteynerlər yollamaqdan imtina edirlər, əgər hətta möcüzə baş verərsə və Rusiya konteyner göndərən taparsa, o zaman görəsən o, bunun pulunu necə ödəyəcək?

İxrac gəlirləri iki dəfə azalacaq, çünki bütün alıcılar Rusiya mallarından imtina etməyə çalışırlar. Hətta sanksiyalara məruz qalmayan neft şirkətləri də öz neftinə alıcı tapa bilmir. Kənd təsərrüfatındakı vəziyyət də bərbaddır. Rusiya ümumilikdə toxumun 40 faizini, kartof üçün isə toxumun 90 faizini xaricdən idxal edir. Əlbəttə, aqrar sektor zamanla bir şey fikirləşəcək, amma qısamüddətli perspektivdə ərzaq məhsullarının qıtlığı və kəskin qiymət artımı ilə qarşılaşacağıq”.

Maksim Mironov daha sonra əlavə edib: ”Müsbət olan yeganə şey tarixdir. SSRİ-nin həsrətini çəkənlər onun bütün gözəlliklərini öz həyatlarında hiss edə biləcəklər. Bu, Xruşşovun, Brejnevin və Qorbaçovun dövründəki SSRİ olmayacaq. Yeni SSRİ-nin başında ağlını itirmiş diktator duracaq”.

Maliyyə analitiki Vlad Ponomar isə deyib: ”Xarici şirkətlərin Rusiyadan çıxması iqtisadiyyatdakı bir çox bütöv sahələrin işini durdurur. Belə gedərsə, 38 avtozavod dayanacaq. Neft və qazçıxarma sektorlarında, ərzaq və pivə istehsalı sahəsində iş yerlərinin itirilməsi müşahidə edilir. İqtisadiyyat bir-biriləri ilə bağlanan qan damarlarıdır. Əgər bir sahə dayanıbsa və orada çalışanlar işsiz qalıblarsa, o zaman bu adamlar maaş almayacaqlar və digər sahələrə də pul xərcləyə bilməyəcəklər. Beləliklə, mənfi təsir yoluxucu xəstəlik kimi hər tərəfi bürüyəcək. Ona görə də işsizlər ordusu yaranacaq”.

Ukraynanı ağır qara günlər gözləsə də, tunelin sonunda qələbə işığı parlayır. Sivil dünya aqressor tərəfindən dağıdılmış Ukraynanın yenidən qurulmasına hərtərəfli yardım göstərəcək. Bunun əksinə olaraq Rusiyanı isə çöküş və tarixin kandarına yuvarlanmaq gözləyir”.

Hamısını Göstər

Related Articles

Back to top button