Zəngəzur dəhlizi ilə bağlı İLGİNC İDDİA
ABŞ, Ermənistan, Türkiyə və Azərbaycan “Trampın marşrutu” (TRIPP) layihəsi üzrə danışıqları intensivləşdiriblər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” qəzetində maralıq yazı dərc olunub.
Qəzetin xəbərinə əsasən, Ankara gələn ildən etibarən İrəvanla sərhədi qismən açmağa hazırlaşır, Ermənistan və Azərbaycan isə ticarət dövriyyəsini artırmaq niyyətindədir.
ABŞ-da keçirilən müzakirələrdə Ermənistan və Azərbaycanın ABŞ-dakı səfirləri – Narek Mkrtçyan və Xəzər İbrahim – iştirak ediblər. Dəyirmi masada Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın diplomatları da yer alıblar. Müzakirələrin əsas mövzusu TRIPP-in infrastrukturun inkişafına, regional əlaqələrin gücləndirilməsinə və ABŞ-ın Orta Dəhliz boyunca iqtisadi mövcudluğunun möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi olub.
ABŞ Dövlət Departamentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə avqustda əldə olunmuş Ermənistan–Azərbaycan razılaşması tarixi imkan yaradıb. Onun sözlərinə görə, TRIPP tranzit marşrutunu ümumi rifahın mühərrikinə çevirməyi hədəfləyir və ABŞ şirkətləri bu prosesdə mühüm rol oynayacaq.
Müzakirələrdə ABŞ-ın Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının layihənin maliyyələşdirilməsində iştirak edə biləcəyi, eləcə də Google, Bechtel və Tetra Tech kimi şirkətlərin TRIPP-ə artan maraq göstərdiyi qeyd olunub.
Bu fonda Ermənistan və Azərbaycan arasında real ticarət addımları artıq atılıb. İrəvan əvvəlcə Azərbaycan üzərindən Rusiyadan və Qazaxıstandan buğda alıb, daha sonra isə SOCAR-dan 1300 ton Aİ-95 markalı benzin idxal edib. Tərəflər bu əməliyyatları Vaşinqtonda paraflanmış sülh razılaşması ilə əlaqələndirirlər.
Eyni zamanda Türkiyə və Ermənistan İstanbul–İrəvan arasında gündəlik birbaşa aviareyslərin açılması barədə razılığa gəlib. Proqramın 2026-cı ilin 11 martından etibarən Turkish Airlines tərəfindən həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, tərəflər yükdaşımalar üçün sərhəd-keçid məntəqələrinin açılmasına hazırlaşırlar. Türkiyənin “Alicən” keçid məntəqəsində işlərə başlanılıb, Ermənistanın “Marqara” keçidi isə artıq hazır vəziyyətdədir.
Bununla belə, İrəvan Moskvanı tam kənarda qoymur. Ermənistan rəhbərliyi Rusiya tərəfinin regiondakı dəmir yolu infrastrukturunun bərpasında iştirakını mümkün hesab edir. Lakin qeyd olunur ki, TRIPP marşrutu üzrə İrəvan istiqamətində dəmir yolu xətti hələlik Rusiyanın iştirakı olmadan planlaşdırılır.
Erməni politoloqların fikrincə, Cənubi Qafqazda kommunikasiyaların açılması prosesi mərhələli və ehtiyatlı şəkildə irəliləyəcək; yaxın dövrdə əsasən simvolik addımların davamı gözlənilir, lakin orta perspektivdə sərhədlərin tam açılması istisna edilmir.
Polise.az



