Zəngəzurdan keçən bu yol Azərbaycana veriləcək – Detallar
Ermənistan Gorus şəhərindən David Bek (Zeyvə) kəndinə gedən yolun 21 kilometrlik hissəsini Azərbaycana təhvil verəcək.
Bu haqda Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Qəzet iddia edib ki, bu barədə Bakı və Yerevan razılıq əldə edib.
“Sənəddə bu barədə açıq yazılmasa da, ikitərəfli razılaşmaya görə, yolun bu hissəsi Azərbaycan və Ermənistan tərəfindən 3 il ərzində birgə istifadə olunmalı, Rusiya sülhməramlıları isə yolun təhlükəsizliyinə cavabdehlik daşımalıdır. Həmin 3 il ərzində Ermənistan öz ərazisində yeni yol inşa etdikdən sonra köhnə yol tam Azərbaycanın nəzarətinə keçəcək. Bu razılaşma Ermənistan baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə olunub”- deyə qəzet yazır.
Xatırladaq ki, Gorus-Zeyvə yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.