“Z” hərfinin mənası bilindi – Niyə müharibəni dəstəkləyənlərin simvoluna çevrilib?
Rusiyalı gimnast İvan Kulyak idman formasının sinəsinə “Z” hərfi yapışdırandan sonra bu ölkənin Ukraynaya qarşı müharibəsinə dəstək anlamı qazanmış simvol bir daha gündəmə gətirdi. Rus əlifbasında olmayan “Z” hərfi hardan və niyə peyda oldu?
“Z” hərfi Rusiyanın başlatdığı müharibəyə dəstək simvoluna çevrilib. Bu nişanı ölkənin küçələrində, nəqliyyat vasitələrində, dayanacaqlarda, siyasətçilərin paltarlarında görmək olar.
RUSI təhlil mərkəzinin Avrasiya üzrə mütəxəssisi akademiki Emily Ferris “Z” hərfinin asanlıqla tanınan və güclülük imic yaradan bir simvol olduğunu qeyd edir.
“Təbliğat maşını sayəsində çox sadə şeylər belə çox sürətlə yayıla bilər” – Ferris belə deyir.
Hərbi əməliyyatların gedişatında bu hərf Putinə dəstək simvoluna çevrilib. Hətta onun yeni rus kimliyinin simvolu olduğunu söyləyənlər də var.
Kazan şəhərindəki xəstəxanalardan birində 60 uşaq və bir işçi bu hərfi qar üzərində yazaraq şəklini paylaşıblar.
“Z”nin nə demək olduğuna dair çoxsaylı nəzəriyyələr yaranıb. Ən populyar olanı Ukrayna prezidenti Zelenskinin hədəfə alınmasıdır.
Bu hərf hücumun ilk günlərində Rusiya qoşunlarına məxsus hərbi maşınların üzərində göründü və sosial medianın diqqətini çəkdi. Əvvəlcə bunun “2” rəqəmi olduğu düşünüldü. Çünki 22.02.2022-ci il tarixində Rusiya Donbasdakı separatçılarla əməkdaşlıq müqaviləsi imzalamışdı. Amma indi daha inandırıcı hesab olunan versiya budur ki, “Z”-ni döyüş vaxtı Rusiyaya məxsus texnikanı fərqləndirmək üçün yazırlar.Amma Kremlin nəzarətində olan “Birinci kanal”da bu hərfin əvvəllər də hərbi texnikanın üstünə yazıldığı bildirilib. Hakimiyyətyönlü “Tsarqrad” saytı isə qeyd edib ki, ordu dost zərbələrinin qarşısını almaq üçün ondan istifadə edir.
“University College London”un əməkdaşı Aglaya Snetkova “Z”-nin simvola çevrilməsində Putinin rejiminin də iştirak etdiyini düşünür. O hesab edir ki, Kreml simvolun yayılmasına bilərəkdən şərait yaradır.
Bu simvol Ukraynadan canlı yayım edən Rusiya jurnalistlərinin yaxasında da müşahidə olunub.
Simvollara əsaslanan bir təbliğat kampaniyası aparılır.
Qələbə simvolu olan “V” hərfi də Kiril əlifbasında yoxdur, amma Rusiyanın rəsmi orqanları paylaşımlarında ondan istifadə ediblər.
Sosial şəbəkələrdə “Z” hərfinin nasizm simvolu olan svastikaya çevrilmiş forması da paylaşılıb.