Zaqatalada karantin qaydalarını pozan 30 nəfər cərimələnib
Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı iri marketlərdə və digər qapalı obyektlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar olunub. Tibbi maskadan istifadə etməyən alıcı və satıcılarla polis əməkdaşları izahedici söhbətlər aparıb , onların barəsində qanunauyğun tədbir görüblər. Qaydalara laqeyd yanaşan, tələblərin pozulmasına şərait yaradan obyekt sahiblərinə ciddi xəbərdarlıq edilib.
Həmçinin, kafe və restoranlarda müştərilərin,xidmət personalının COVID-19 pasportları yoxlanılıb, qaydalara riayət etmələrinin vacibliyi sahibkar və icarədarların diqqətinə çatdırılıb.