Zatulinin Zəngəzur və ABŞ qorxusu

Deputat: “Cənubi Qafqaza sülhü Rusiya yox, ABŞ gətirdi”

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin birinci müavini, anti-Azərbaycan mövqeyi ilə seçilən Konstantin Zatulin Rusiya televiziyasında yayımlanan “60 dəqiqə” proqramında TRIPP layihəsi(Zəngəzur yolu) ilə bağlı danışıb.

Picture background

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, deputat Paşinyanın “Ermənistan Rusiya tərəfindən Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu hissələrinin təmirinə cavab gözləyir.

Mövzu dövlət başçıları və aidiyyəti üzrə vəzifə sahibləri səviyyəsində müzakirə olunub” fikirlərini  şərh edib. Zatulin hesab edir ki, Paşinyan Rusiyanı layihəyə cəlb etmək niyyətindədir: “Paşinyan bununla çalışır ki, “Rusiya layihəyə razıdır” deyə bilsin, amma eyni zamanda, Moskvanın maraqları nəzərə alınmır. Ermənistan Qərblə ittifaqa üstünlük verir”.
Zatulinin sözlərinə görə, TRIPP layihəsində 76% səhm ABŞ-a, 24% isə Ermənistana məxsus olması İrəvanın öz maraqlarını nəzərə almadığını göstərir. Zatulin əlavə edib ki, bu təşəbbüslər Rusiyanın və onun müttəfiqlərinin maraqlarına təhlükə yaratmamaq üçün diqqətlə təhlil edilməlidir.

Picture background

Milli Məclisin deputatı Elman Nəsirov Zatulinin fikirlərini Musavat.com üçün şərh edib.

Deputat qeyd edib ki, Zatulin hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilib və yenə də köhnə ampluasındadır:

“TRIPP layihəsinin işə salınması ilə bağlı ötən ilin avqust ayında Vaşinqtonda tarixi razılaşmalar əldə edilib. ABŞ bu məqsəd üçün ilkin olaraq 145 milyon dollar vəsait ayırıb. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Mark Rubio arasında çox ciddi müzakirələr keçirilib. Rəsmi Vaşinqton bu məsələdə israrlıdır. Eyni zamanda, fevral ayında Marko Rubionun Ermənistana səfəri gözlənilir. İstisna edilmir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Vens də Ermənistana səfər edə bilər.

Bu səfər çərçivəsində onun Bakıya gələcəyi barədə mülahizələr var. Bu səfərlər çərçivəsində əsas müzakirə mövzusu “Tramp marşrutu”nun işə salınması olacaq. İlkin versiyaya görə, ABŞ bu layihənin 2028-ci ilin sonuna qədər reallaşmasında maraqlıdır. Rusiya isə bunu özü üçün təhlükə hesab edir. Rusiya postsovet məkanını həyati, strateji maraq zonası elan edib. İstəyir ki, bu yolla regiona üçüncü dövlətlərin daxil olmasına imkan verməsinlər. ABŞ isə sülh prosesinə real töhfə verən dövlətdir. Vaşinqtonda əldə edilmiş razılaşmalar nəticə etibarilə Cənubi Qafqaza uzunmüddətli və dayanıqlı sülh gətirir. Bunu Moskva deyil, Vaşinqton bacardı. Kommunikasiyaların bərpası ilə bağlı 10 noyabr sənədinin 9-cu bəndində qeyd olunan öhdəliklər Moskvanın vasitəçiliyi ilə reallaşmadı. Paşinyan buna getmədi. Vaşinqton razılaşmalarına görə, Paşinyan TRIPP layihəsi ilə bağlı öhdəliklər götürüb, hazırda da onlar icra olunmaqdadır. Bununla heç bir üçüncü dövlət hədəfdə deyil. Əksinə, məqsəd regionda kommunikasiyaların bərpa edilməsidir. Ermənistandan İrana da, Rusiyaya da avtomobil və dəmiryolları Azərbaycandan keçməklə reallaşa bilər. Rusiya bundan niyə narazıdır?”

E.Nəsirov vurğulayıb ki, Zatulin kimi şəxslər əslində Kremlin sözünü deyirlər:

“Kreml TRIPP layihəsinin reallaşmasına başqa müstəvidə qiymət vermək istəyir. Bunu iqtisadi layihə kimi deyil, geosiyasi, geostrateji layihə kimi qiymətləndirir. Onlar hesab edirlər ki, Vaşinqton layihə adı altında regiona gəlir. Vaşinqton isə dünyanın istənilən nöqtəsində var. ABŞ-nin 2026-cı il hərbi büdcəsi təxminən 1 trilyon dollardır. Dünyanın istənilən regionunda ABŞ-nin ümumi və həyati  maraqları cəmlənib. Cənubi Qafqaz da o maraqlar çərçivəsindədir. Kremldə düşünürlər ki, ABŞ Cənubi Qafqaza gəlir, ABŞ isə dünyanın istənilən yerinə gedir. Fövqəldövlət dövlət kimi ABŞ qlobal maraqların daşıyıcısıdır. ABŞ Cənubi Qafqaza TRIPP layihə isə indi deyil, çoxdan gəlib. Hesab edirəm ki, yeni reallıqları qiymətləndirmək lazımdır. Bu reallıqlar isə öz şərtlərini diktə edir. ABŞ-nin gücü, nüfuzu, potensialının nə qədər böyük olduğu hər kəsə bəllidir. TRIPP layihəsinin reallaşması labüddür və buna heç kim mane ola bilməz”.  \Nigar HƏSƏNLİ,\

Polis.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button