Zaxarovadan Qarabağ açıqlaması – Sərkisyanın Putinə yazdığı məktub

“İrəvanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materialları və dövlət başçılarının yazışmalarını maraqlı tərəflərin əvvəlcədən razılığı olmadan yayması diplomatik praktikanın qəbul olunmuş etik normalarının pozulmasıdır”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, bu sənədlər açıqlanandan sonra Rusiya tərəfi bunu qiymətləndirmək imkanına malikdir. Zaxarovanın sözlərinə görə, təqdim olunan materiallar son vaxtlar rəsmi İrəvanın irəli sürdüyü tezisləri təkzib edir.
“BMT və ATƏT tərəfindən hazırlanmış və qəbul edilmiş sənədlər göstərir ki, ölkəmiz həm vasitəçi, həm də Minsk qrupunun həmsədri kimi, otuz il ərzində (keçmiş) Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həllinə ardıcıl şəkildə çalışıb”, – Rusiya rəsmisi iddia edib.
Zaxarova vurğulayıb ki, Rusiyanın mövqeyi həmişə iki əsas prinsip arasında tarazlıq axtarışına əsaslanıb: Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət və “beynəlxalq norma və standartlara uyğun olaraq yerli əhalinin (erməniləri nəzərdə tutur – red.) hüquq və maraqlarının təmin edilməsi”.
Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb. Sənədlər bunları əhatə edir: ATƏT-in Minsk qrupunun tövsiyələri (2019), Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları, Krakov sənədləri, Serj Sərkisyanın Vladimir Putinə məktubu, ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri, Rusiyanın təklif etdiyi paket, Kazan sənədləri, Madrid Prinsipləri, Mehri və Qarabağın mübadiləsi variantı, ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı, Budapeşt Zirvə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri.



