Zelenski Makrona cavab verib: Ukrayna var olduqca, Fransa ordusu Fransada qalacaq
Fransa hərbçiləri “Ukraynada ölməyəcək”. Ukrayna var olduqca, Fransa ordusu Fransada qalacaq.
Polise.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronun gələcəkdə müttəfiq qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edərkən BFMTV-yə söyləyib.
“Ukrayna var olduqca, Fransa ordusu Fransa ərazisində qalacaq. Ancaq Putin (Rusiya Prezidenti Vladimir Putin – red.) NATO-nun bu və ya digər ölkəsinə müharibə ilə gedərsə, o zaman NATO ölkələri öz əsgərlərini, ordularını, döyüş briqadalarını və taborlarını necə və hansı sayda göndərib-göndərməyəcəyinə qərar verəcəklər”, – Ukrayna lideri bildirib.
Daha sonra ondan Fransanın və ya digər Avropa dövlətlərinin savaşa cəlb olunacağından qorxan və “övladlarının Ukraynada ölməməsi üçün” narahat olan fransızlara nə deyəcəyini soruşulub.
“Övladlarınız Ukraynada ölməyəcək. Əgər Rusiya NATO ölkələrinə soxulsa, o zaman sizin övladlarınız hansısa NATO ölkəsinin ərazisinə göndərilə bilər. Bu artıq başqa mövzudur. Bu, NATO çərçivəsində müttəfiqlərin qərarı olacaq”, – dövlət başçısı cavabın deyib.
Zelenski Ukraynanın xarici hərbçilərin cəlb edilməsinə ehtiyac olmadığını, lakin Kiyevə hərbi dəstək verən ölkələrdən əcnəbi təlimçilərin və texniki personalın olmasında maraqlı olacağını açıqlayıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron sözügedən məsələdə müttəfiqlər arasında konsensus olmadığını qeyd etsə də, gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsini mümkün hesab edib. Daha sonra Paris açıqlama verib ki, söhbət hərbi əməliyyatlarda əcnəbi hərbçilərin iştirakından getmir.
Fransanın dövlət başçısının sözləri bir çox müttəfiq ölkələrin hökumətlərinin kəskin reaksiyasına səbəb olub, onların liderləri Ukraynaya hərbi qüvvə göndərməyi planlaşdırmadıqlarını bildiriblər.
Makron daha sonra deyib ki, onun rezonans doğuran sözləri diqqətlə düşünülüb.
Polise.az