“Zelenski pis oğlandır”: “Hörümçək Toru” əməliyyatı Trampı qəzəbləndirib” – “The Atlantic”

“Zelenski bəşəriyyəti Üçüncü Dünya müharibəsinə sürükləyir…”
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna Rusiya ilə danışıqlara getməlidir və İstanbuldakı görüşlərdə iştirak etməlidir, baxmayaraq ki, orada Rusiya tərəfi qəbuledilməz ultimatumlar irəli sürür.
Moderator.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri yazıb.
Ukraynanın həyata keçirdiyi “Hörümçək Toru” adlı əməliyyat nəticəsində Rusiya onlarla strateji raketdaşıyan təyyarəsini itirib. Bu, Ukrayna üçün böyük uğur hesab olunur. Amma ABŞ prezidenti Donald Tramp bu hadisədən son dərəcə narazıdır, – jurnalist Conatan Lemayr yazır.
“Təhlükəli uğur” – Trampın əsəbləri və Qərbdə narahatlıq
“Məqalədə deyilir ki, Ukrayna dronlarının Rusiyanın dərinliklərinə endirdiyi zərbələr Moskva üçün alçaldıcı olub. Kiyevin tərəfdarları bunu müasir müharibənin uğuru və Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq kimi qiymətləndirirlər. Amma bu fövqəladə əməliyyat Ağ Evdə tamamilə fərqli reaksiya – qəzəb doğurub”, – müəllif bildirir.
Lemayr Ağ Evdəki mənbələrə istinad edərək qeyd edir ki, Tramp bu əməliyyatın münaqişəni daha da gərginləşdirə biləcəyindən narahatdır. “Bu mənbələr mənə bildirdilər ki, dron zərbələri Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı köhnə narazılığını yenidən alovlandırıb və Ağ Evdə ABŞ-ın Ukraynadan çəkilib-çəkilməməsi barədə yeni debatlara səbəb olub”, – o, yazır.
Tramp Zelenskini “isti başlı”, “pis oğlan” adlandırır
Jurnalist qeyd edir ki, Tramp müharibə boyu Zelenskini “pis oğlan” və “isti başlı” adlandırıb, yəni dünyanı müharibəyə sürükləyən biri kimi görüb. “Həftə ərzində Tramp qapalı görüşlərdə mühafizəkar dairələrin fikirlərini təkrarlayaraq, dron hücumlarından sonra Zelenskini özünü göstərməkdə ittiham edib. Müşavirlərindən birinə görə, Tramp bu cəsarətli hücumlardan təəccüblənsə də, Zelenskinin əsas diqqətini Rusiya ilə İstanbuldakı danışıqlara yönəltməli olduğunu düşünür”, -Lemayr qeyd edir.
Tramp “özünü kənara çəkmək” fikrindədir
Məqalə müəllifi yazır ki, “narazı Tramp” Rusiya-Ukrayna müharibəsindən özünü uzaqlaşdırmaq barədə düşünür. Buna onun Putinlə dünənki telefon danışığında mövzunu dəyişib İranın nüvə proqramına diqqət yönəltməsi də işarə ola bilər.
Trampın Ukrayna ilə bağlı son bəyanatları
Xəbər verildiyi kimi, Tramp bildirib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmək imkanını ciddi şəkildə nəzərdən keçirir, bu yolla onu müharibəni bitirməyə məcbur etmək istəyir. O, qeyd edib ki, sərt addımlar atmağa hazırdır və bu addımlar Ukraynanı da əhatə edə bilər.
Tramp həmçinin Çin lideri Si Tszinpinlə telefon danışığı aparıb və söhbətin bir saat yarım davam etdiyini deyib. O, fəxrlə bildirib ki, bu danışıq zamanı Ukraynadakı müharibə mövzusu ümumiyyətlə toxunulmayıb.
Polise.az