Zelenski Rusiya ilə danışıqların tamamilə dayandırıla biləcəyini deyib
Ukrayna Prezidenti Volodomir Zelenski Rusiya ilə danışıqlar prosesinin tamamilə dayandırılması risklərinin yüksək olduğunu bildirib.
Polşalı jurnalistlərə müsahibəsində Ukrayna dövlət başçısı Rusiya ilə Ukrayna arasında 2 aydan çoxdur davam edən müharibəyə dair açıqlamalar verib.
Ukraynanın Rusiya ilə danışıqlar prosesi məsələlərinə toxunan dövlət başçısı hər hansı müzakirələrin tamamilə dayandırıla biləcəyi ilə bağlı yüksək risklərin olduğunu qeyd edib.
Zelenski iki ölkə nümayəndələrinin müxtəlif səviyyələrdə görüşdüklərini, lakin hansısa nəticənin əldə olunmadığını vurğulayıb.
“Biz bir tək aktyorun oynadığı teatr tamaşasında yer almaq istəmirik. Rusiya tərəfi ilə əsir mübadiləsi məsələsində ilk əvvəl razılıq əldə edilsə də, sonradan bu gerçəkləşmir”, – deyə o əlavə edib.
Zelenski bu problemlərin həlli üçün iki ölkə başçısının birbaşa görüşməsinin labüdlüyünü vurğulayıb.