Zülfüqar Qodmanlı – Hamı xalq adından danışır indi
Hamı xalq adından danışır indi,
Xalqı düşünən də, xalqı soyan da.
Xalqın övladlarıdır,-sən onu dindir,
Özünü düşünür işə qoyanda.
Hamı xalq adından danışır indi,
Ayaqda gedən də başda duran da.
Bilmirsən haqlısı haqsızı kimdir,
Yumruqlar birləşmir yumruq vuranda.
Xalqın qüdrətindən, xalqın adından
Son vaxtlar danışmaq yaman dəb düşüb.
Dördəlli sarmaşıb düşməz atından,
Bəs “vətən” yadına nə əcəb düşüb?!
Qovan da, qaçan da elə “xalq” deyir,
Xalqla hədələyir bir-birini.
Çoxu ürəkdə yox, dildə xalq deyir,
Tapmayıb həyatda hələ yerini.
İşdə bir cürədir,sözdə bir cürə,
”Xalq, xalq” deyənləri bəlkə də çoxdur.
Xalq dara düşəndə göz görə-görə
Yatıb daldalanır kölgədə çoxu.
Çoxu qalxan edib xalqı özünə.
Vəzifə almaqçün kürsüyə çıxır.
Sonra da kül atıb xalqın gözünə,
İstəyinə yetir ərsəyə çatır.
Xalq dağlar kimidir köksünə bəzən
Dərdini daş kimi gəzdirə bilər.
Nadanı,alçağı günün birində
Hansı dərədəsə azdıra bilər.
Qeyrətsiz adamlar qeyrətdən deyir,
Kişilikdən deyir nakişi olan.
Bizə gecə-gündüz xalqdan dərs verir
Əyilmiş ağzında süd dişi olan.
Xalqın hörmətini, məhəbbətini
Kimlər qazanıbsa, qoyun xalq desin.
Silaha çevirib xalq nifrətini,
Ayağa qalxacaq bilənlər bilsin.
Tutub ətəyindən xalqın, millətin,
Hərə bir tərəfə dartır özüyçün.
Düşmən torpağında,məmləkətində
Atları dördnala yortur özüyçün.
Bir gün tükənəcək səbri xalqın da,
Xalq coşub-daşacaq ümmanlar kimi.
Nə qədər saxlarlar qılıncı qında,
Dağıdar gümanı dumanlar kimi.
Xalqı parçalamaz xalqını sevən,
Bölünmüş bir xalqı yüz yerə böldük.
Hər sözün başında “millət”, “xalq ” deyən
Xalqı bilə-bilə yaman kiçiltdi.
Kimlər inanıbsa xalqın gücünə,
Yeri məhvərindən qopara bilər.
Kim ki, inandırıb xalqı özünə,
Xalqı arxasınca apara bilər.
Gəlin az danışaq xalqın adından,
Xalqa gün ağlayaq, biz əlbir olaq.
Keçmişdə nə olub, çıxaraq yaddan,
Birləşək, barışaq, gəlin bir olaq!