Əli Əhmədov YAP-dakı vəzifəsindən uzaqlaşdırılacaq

Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

Qurultayda partiyanın İdarə Heyəti və Siyasi Şura üzvləri yenidən seçiləcək, katiblikdə ciddi dəyişikliklər olacaq. YAP-ın VII qurultayının təkcə bu partiyanın deyil, bütövlükdə ölkənin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olacağı bildirilir.

YAP-dakı mənbə bizimlə söhbət zamanı bu xəbərləri təsdiqləyib. Qeyd edib ki, dəyişikliklər təkcə İdarə Heyəti və Siyasi Şura üzvləriylə məhdudlaşmayacaq. Onun sözlərinə görə, YAP-ın “vitrin”ində nəzərəçarpacaq dəyişikliklər olacaq. Mənbə YAP-da vəzifəsini itirəcək funksionerlərin siyahısına sədr mavini – icra katibi Əli Əhmədovun başçılıq etdiyini deyib. Onun sözlərinə görə, Əli Əhmədov martın 5-də partiyadakı hər iki vəzifəsiylə vidalaşacaq.

Məlumatlı şəxs YAP-ın digər “ağır toplarının” da “vurulacağını” istisna etməyib. Bildirib ki, martın 5-də keçiriləcək qurultay həmçinin AMEA-nın sabiq prezidenti Akif Əlizadənin YAP-ın sədr müavini postundan uzaqlaşdırılmasıyla yadda qalacaq. Akif Əlizadə ilə yanaşı, digər sədr müavini, Qaçqınların və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun da partiyadakı səlahiyyətlərinə xitam veriləcək. Mənbə deyib ki, Prezidentin sabiq köməkçisi Əli Həsənov isə İdarə Heyətinin üzvlüyündən xaric olunacaq.

YAP-ın icra katibliyində də dəyişikliklərin baş verəcəyi bildirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının YAP İcra katibinin müavini vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

Xatırladaq ki, partiyada vəzifə tutan deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bir müddət əvvəl YAP icra katibinin müavini vəzifəsindən istefa verib.

Hamısını Göstər

Related Articles

Back to top button