Öcalanın həbsxanadan villaya küçürülməsi Türkiyədə müzakirələrə səbəb olub

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan İmralı həbsxanasında onun üçün hazırlanmış yeni bölməyə köçürülüb.

Polise.az xəbər verir ki, bu barədə Türkiyənin DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvləri Mithat Sancar və Pərvin Buldan açıqlama veriblər.

Mithat Sancar bildirib ki, Öcalanın saxlanma şəraitində müəyyən dəyişikliklər edilib. Onun sözlərinə görə, bu addım Türkiyədə davam edən sülh prosesinin sürətləndirilməsinə xidmət etməlidir.

Sancar son iki ayda danışıqlarda durğunluq yaşandığını da diqqətə çatdırıb.

Pərvin Buldan isə Öcalanın köçürüldüyü yeni bölmənin həbsxana ərazisində yerləşdiyini və bu dəyişikliyin ona hər hansı yeni hüquqi status vermədiyini vurğulayıb.

Buldanın sözlərinə görə, Öcalan sülh prosesində daha fəal rol oynamaq, jurnalistlər, akademiklər və müxtəlif ictimai təşkilatların nümayəndələri ilə görüşmək istəyir. Lakin bu istiqamətdə hələlik konkret irəliləyiş əldə olunmayıb.

Öcalanın saxlanma şəraitinin dəyişdirilməsi Türkiyənin siyasi dairələrində mübahisələrə səbəb olub.

Zəfər Partiyasının sədri Ümit Özdağ Öcalanın faktiki olaraq azadlığa buraxıldığını iddia edib. O, PKK liderinin İmralıda xüsusi hazırlanmış villada yaşayacağını irəli sürüb.

Bununla belə, Özdağın iddiaları rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. DEM Partiyasının nümayəndələri isə Öcalanın həbsxana daxilində başqa bölməyə köçürüldüyünü və hüquqi statusunun dəyişmədiyini bildiriblər.

Qeyd edək ki, Türkiyədə “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində aparılan müzakirələrdə Öcalanın gələcək statusu və sülh prosesində iştirakı əsas məsələlərdən biri olaraq qalır.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button