27 dövlət Türkiyəyə qarşı: Toplantı niyə təxirə salındı? – Şərh

Avropa Birliyi (AB) liderlərinin Türkiyəyə qarşı sentyabrın 24-25-də keçirilməsi gözlənilən zirvə toplantısı təxirə salınıb.

“Röyter” agentliyi buna səbəb kimi AB Komissiyasının sədri Çarles Miçelin COVİD-19 səbəbindən karantinə alınmasını göstərib.

Qeyd edilir ki, zirvə toplantısı oktyabrın 1-2-də keçiriləcək.

Çarles Miçelin sözçüsü Barend Leyts deyib ki, Miçellə təmasda olan təhlükəsizlik qrupunun bir üzvünün COVİD-19 testi pozitiv çıxıb. AB Komissiyasının sədrinin özünün testi neqativ çıxsa da, Belçika qanunlarına görə, onun karantinə alınması məcburidir.

Bu səbəbdən də sentyabrın 24-25-də keçirilməsi planlaşdırılan üzv dövlətlərin liderlərinin toplantısı oktaybrın 1-nə qədər təxirə salınıb.

Qeyd edək ki, sabah keçirilməsi planlaşdırlan AB-nin zirvə toplantısında Şərqi Aralıq dənizində baş verən gərginliyin müzakirəsi və Türkiyəyə qarşı sanksiyalarının tətbiqinin gündəmə gətirilməsi nəzərdə tutulurdu.

Faktı şərh edən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, AB-nin belə qərar verəcəyi gözlənilən idi.

Türkiyə və Yunanıstanın NATO çərçivəsində artıq beşinci görüşünü keçirdiyini xatırladan deputat əlavə edib ki, müxtəlif ölkələrin Aralıq dənizində Türkiyəyə qarşı atdığı təxribatçı addımlar baş tutmayıb:

“Fransa bu məsələdə daha aktiv idi, Yunanıstana hər cür dəstək verirdi. Amma bu addımı atarkən daha çox öz maraqlarını düşünürdü. Bunu demək olar ki, Fransa aparıcı Avropa dövlətlərindən dəstək ala bilmədi. Xüsusilə Böyük Britaniya və Almaniyanın Fransanın bu təşəbbüsünə könülsüz yanaşdığı məlum oldu. Üstəlik AB daxilində bununla bağlı yekdil qərar yoxdur. Çünki Türkiyəyə qarşı sanksiya tətbiq etmək həmin ölkələrə də ciddi ziyan verəcək. Bir sıra AB-yə üzv ölkə Türkiyə ilə ikili iqtisadi əlaqələrə malikdir. Odur ki, həmin ölkələr AB çərçivəsində Türkiyəyə qarşı çıxmağa maraqlı deyillər. Bu məsələdə bir sıra nüanslar var. Daha çox Türkiyə və Yunanıstan arasında yaşanan gərginliyin danışıqlar yolu ilə həllinə üstünlük verilir”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button