Azərbaycan və Ermənistan nümayəndələrinin Dilicanda müzakirə etdikləri mövzular açıqlandı

Noyabrın 26-27-də Ermənistanın Dilican şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçirilib.

Polise.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüşdə hər iki ölkənin qeyri-hökumət təşkilatlarının, media qurumlarının və analitik-ekspert dairələrinin ümumilikdə 60-a yaxın nümayəndəsi iştirak edib. Bu, “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü olub.

İki gün davam edən tədbir çərçivəsində bir sıra görüşlər və müzakirələr keçirilib. İştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit zamanı təsdiqlənmiş sülh gündəliyini, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanlarını, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş mümkün tədbirləri müzakirə ediblər.

İştirakçılar Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya marşrutlarının yaradılması imkanları, həmçinin humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Gündəlikdə gənclərlə iş, təhsil, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması məsələləri də yer alıb.

“Sülh körpüsü” təşəbbüsünün beşinci dəyirmi masasının iştirakçıları Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüblər. Görüş zamanı iştirakçılar onlara suallar ünvanlamaq imkanı əldə edib, fikir və mövqe mübadiləsi aparılıb.

Görüş çərçivəsində komissiyalar formatında da iş aparılıb. Ayrı-ayrı komissiyalarda iştirakçılar müvafiq sahələrdə mövcud problemləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Komissiyaların fəaliyyət istiqamətləri aşağıdakılardır:

– İqtisadi məsələlər və infrastruktur;

– Humanitar və ictimai məsələlər;

– Ekoloji məsələlər;

– Media;

– Təhsil, ictimai narrativlər və gənclərlə iş;

– Siyasi və geosiyasi məsələlər.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin bu görüşü iki cəmiyyət arasında birbaşa dialoqun, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində daha bir addım olub. Görüşdə sülh gündəliyi ətrafında konstruktiv dialoqun davam etdirilməsinin zəruriliyi bir daha vurğulanıb.

“Sülh körpüsü” təşəbbüsünün fəaliyyəti gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə vermək məqsədilə davam etdiriləcək.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button