“5 il sonra ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Ordusu haqqında danışacağıq“ – Polkovnik

“Döyüş hazırlığımızın hansı səviyyədə olması göz qabağındadır”.

Bunu “MediaPost”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspertin sözlərinə görə, bundan sonra da ordumuz ən müasir silahlarla təmin olunacaq:

“İdmançı da özünü yoxlamaq üçün illərlə məşq edə bilər. Lakin yarışlar onun peşəkarlığını, nəyə qadir olduğunu göstərir. Keçən il “Tank biatlonu”nda Azərbaycan tankçıları finala çıxdılar. “Dəniz kuboku – 2019” müsabiqəsinin qalibi Azərbaycan komandası oldu. Xüsusi təyinatlılarımız Türkiyədə 28 dövlətin iştirak etdiyi yarışda birinciliyi qazandı. Biz nəticələrə əsasən, sonrakı davamiyyət üçün proqramlar qururuq. Ali Baş Komandan öz ordusuna xüsusi diqqət göstərir. Prezident İlham Əliyev ordunu ən müasir silah-sursatla təmin edib. Bunu paradda da, təlimlərdə də görürük. Bu proses davam edir. Bu da Azərbaycan Ordusunun döyüş hazırlığının hansı səviyyədə olmağını göstərir. Texniki təchizatla yanaşı, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti də yüksəkdir. Desəm ki, şəxsi heyət arasında ruh yüksəkliyi var, bu, sadəcə söz kimi qəbul oluna bilər. Ona görə də siz Aprel döyüşlərini xatırlayın; bir nəfər də olsa, fərari yox idi. Döyüşlərdə əsgərlər dayanmaq istəmirdilər. Bu gün əsgərlərə yaxınlaşıb nə demək istədiyini soruşanda anasına, atasına salam demir, öncə deyir ki, biz Ali Baş Komandandan əmr gözləyirik, torpaqlarımızı azad etməyə hazırıq. Bunları heç kim öyrətmir, bu, onların içində Dağlıq Qarabağa, işğal olunmuş ərazilərə görə, düşmənə olan üsyandır”.

Ehtiyatda olan polkovnik bildirib ki, bu gün əsgər müasir silahı görəndə orduda belə silah olduğuna görə ruhlanır: 

“Bəlkə də nə vaxtsa münaqişənin sülh yolu ilə həllini düşünürdüm, lakin gedən proseslər onu göstərdi ki, Azərbaycan üçün başqa seçim yoxdur. Düşünürəm ki, gec-tez Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməli olacaq. Ordumuzun 80%-i müddətdən artıq xidmət edən hərbi qulluqçulardan ibarətdir. 5 il sonra ərazi bütövlüyünü bərpa etmiş ordu haqqında danışacağıq”.

“Bu gün ordunu gözdən salmaq üçün dezinformasiyalar yayırlar. Sevindirici hal odur ki, belə böhtan xarakterli xəbərlərə artıq cəmiyyət özü cavab verir. Mən istərdim ki, hər şeyi yaxşı bilən cəmiyyət hansısa ünsürlərin ordunu gözdən salan addımlar atmasına imkan verməsin. Onları ayıq-sayıq olmağa, belə məsələlərlə mübarizə aparmağa çağırıram” – deyə, ehtiyatda olan polkovnik bildirib. 

Hamısını Göstər

Related Articles

Back to top button
Close