Stoltenberq: NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil və təkliflər verə bilməz
NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil və danışıqlar prosesinin bir hissəsi kimi təkliflər verə bilməz.
Polise.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanın İctimai Televiziyasına müsahibəsində söyləyib.
“Mən əminəm ki, sülhə nail olmaq olar, bu, realdır, çünki bəzi əsas prinsiplər artıq razılaşdırılıb. Onların arasında hər iki ölkənin ərazi bütövlüyünə hörmət də var”, – Baş katib deyib.
Onun sözlərinə görə, NATO sülhə gətirib çıxara biləcək prinsipləri dəstəkləyir və mövcud fikir ayrılıqlarını həll etmək və aradan qaldırmaq olar.
O, Norveçi misal çəkərək norveçlilərin, isveçlilərin və danimarkalıların əsrlər boyu vuruşduqlarını, lakin bu gün bəzi sərhəd problemlərinin qalmasına baxmayaraq, sülh şəraitində yaşadıqlarını xatırladıb. Burada müstəqil suveren dövlətlər kimi bir-birinə hörmət prinsipi tətbiq edilir.
Alyansın Baş katibi xatırladıb ki, Fransa, Almaniya və Böyük Britaniya da tarixin müxtəlif mərhələlərində savaşıb, ancaq bu gün bu ölkələr sülh şəraitində yaşayırlar.
Stoltenberqin sözlərinə görə, onun İrəvan və Bakıya mesajı ondan ibarətdir ki, hər iki tərəf davamlı sülhə nail olmaq imkanlarını görməlidir.
Xatırladaq ki, NATO-nun Baş katibi regiona səfəri çərçivəsində Bakı, Tbilisi və İrəvanda olub.
Polise.az