Sabiq rəisə 10 il həbs – General rütbəsi alınacaq
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Tofiq Həsənova ittiham edildiyi 179-cu (mənimsəmə) maddəsi ilə ziyan ödənildiyinə görə xitam verilib. Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.
Bundan başqa, T.Həsənovun general rütbəsindən məhrum edilməsi üçün təqdimat verilib.
Qeyd edək ki, Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.