DSX: Ermənistanın döyüş postundan Azərbaycan sərhədçisinə atəş açılıb, yaralanan var
Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Polise.az -a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Məlumata görə, hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
“Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Təxribata görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – DSX-dən bildirilib.
Polise.az