Bakıda içərisində 340 min manat olan seyfi oğurlayan dəstə üzvləri saxlanılıblar

Paytaxt ərazisində yerləşən evlərin birindən içərisində 340 min manat pul olan seyf oğurlanıb. Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri – 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

Dindirilmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. Qurban isə seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra o, seyfdəki pulun 194 min manatını Ə.Qurbanovun vasitəsilə əmisi qızlarına göndərib.

Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməyi ilə 2 avtomobil alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib.

Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirərkən oğurlanan pulun bir hissəsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button