Prezidentin ölkədə olmadığı vaxt verilən qərar Polşanı qarışdırdı

Polşa Konstitusiya Məhkəməsinin hakimləri Prezident Karol Navrotskinin ölkədə olmamasından istifadə edərək qurumun rəhbərliyini dəyişiblər. Ölkədə baş verənlər “dövlət çevrilişi” kimi qiymətləndirilib.
Polise.az xəbər verir ki, hakim Anna Korvin-Piotrovska Konstitusiya Məhkəməsinin sədri Boqdan Svyençkovskinin vəzifəsindən kənarlaşdırıldığını elan edib.
Jurnalistlər ondan səlahiyyətləri mənimsəmək ittihamlarına münasibət bildirməsini istəyiblər.
“Mən sadəcə öz vəzifəmi yerinə yetirirəm. Sədrin və sədr müavini Bartlomey Soxanskinin ölkənin Əsas Qanununu kobud şəkildə pozduğu və məhkəmə orqanını vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə əsas funksiyasını yerinə yetirə bilməyəcək vəziyyətə saldığı vaxtda baş verənlərə reaksiya göstərmək mənim borcumdur”, – hakim jurnalistlərə deyib.
Korvin-Piotrovska yaranmış vəziyyətin həllinə görə üzərinə böyük məsuliyyət düşdüyünü anladığını da qeyd edib.
Bir müddət sonra məhkəmə binasının qarşısında izdiham toplaşıb. Polis isə əraziyə daxil olaraq müdafiə mövqeyi tutub. İğtişaşların baş verə biləcəyindən ehtiyat edən hüquq-mühafizə orqanları jurnalistlərdən, deputatlardan və mühafizə olunan şəxslərdən ərazini tərk etmələrini istəyiblər.
Daha sonra Polşa Seyminin deputatı, “Yeni Ümid” partiyasının sədri Slavomir Mentzen polisin mümkün dövlət çevrilişinə hazırlıq görməsi ilə bağlı məlumat əldə etdiyini açıqlayıb. O, Polşa Polis Baş Komendantının müavini Tomaş Mixelkanın bütün regional komendantlara ünvanladığı məktubu yayımlayıb. Oktyabrın 29-u tarixli sənəddə bütün polis bölmələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, patrulların avtomat silahlar və kütləvi iğtişaşların yatırılması üçün vasitələrlə təchiz olunması barədə göstəriş yer alıb.
Məktubun həqiqiliyi isə hələlik məlum deyil.
Polşa Prezidenti hakimlərin məhkəmə rəhbərliyini dəyişməsinə qarşı çıxan əsas fiqur olub. O, Seneqala başlayan səfərini yarımçıq saxlayaraq, təcili ölkəsinə qayıdıb.
Dövlət başçısı Konstitusiya Məhkəməsinin binasına daxil olmağa çalışsa da, bir neçə hakim qapıda onun qarşısını kəsib. Bundan sonra Navrotski polisin və ətrafdakı insanların gözü qarşısında hakimlərlə fiziki qarşıdurmaya girib. O, qarşısını kəsən şəxsləri kənara itələyib, nəhayət, binaya daxil ola bilib.
Prezident bir neçə saat sonra məhkəmə binasını tərk edib.
Karol Navrotski toplaşanlara Konstitusiya Məhkəməsindəki vəziyyətin həlli üçün təcili müşavirə çağırdığını bildirib. Bütün siyasi qüvvələri və parlament üzvlərini konstitusiya quruluşunun bərpasını müzakirə etməyə dəvət edib.
Polşanın keçmiş baş naziri Yaroslav Kaçinski isə vəziyyəti “Konstitusiya Tribunalının ələ keçirilməsi” adlandırıb və ölkənin polis dövlətinə çevrilməsi riskindən xəbərdarlıq edib: “Biz davam edən dövlət çevrilişinin növbəti və görünür, həlledici mərhələsinin şahidi oluruq”.
Kaçinski vurğulayıb ki, hüququn aliliyinin bərpası hökumətin borcudur:
“Navrotskinin təmsil olunduğu “Hüquq və Ədalət” (PiS) Partiyasının hakimiyyəti dövründə hökm sürən uzun illər qanunsuzluqdan sonra bu, qətiyyətli addımlar tələb edən, mürəkkəb və bəzən ağrılı prosesdir”.
Polşa Seyminin vitse-spikeri Marçin Qorala Baş nazir Donald Tusku ölkəni “banan respublikası”na çevirməkdə ittiham edib.
Qoralanın sözlərinə görə, Anna Korvin-Piotrovska prezident qarşısında qanunla müəyyən edilmiş qaydada and içmədiyi üçün ümumiyyətlə hakim səlahiyyətlərinə malik deyil. Siyasətçi əlavə edib ki, and içmiş olsaydı belə, o, məhkəmə sədrini və onun müavinini təkbaşına vəzifədən kənarlaşdıra bilməzdi.
Varşava Universitetinin professoru Marçin Matçak hesab edir ki, Polşada baş verən siyasi qalmaqal dövlət institutlarının iflasından xəbər verir. Onun fikrincə, ölkədəki hadisələr ən mühüm dövlət institutlarının nüfuzunu zədələyib və dövlət idarəçiliyində ciddi böhranı üzə çıxarıb.
Polise.az



