Paşinyan: Bir daha bəyan edirəm, konstitusiya dəyişikliyinə nail ola bilməsəm, istefa verəcəyəm

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə parlament müxalifətinə yeni konstitusiya ilə bağlı referendum keçirilməsi təklifini verib.
Polise.az xəbər verir ki, bu barədə o, parlamentin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
“Müxalifətə təklif edirəm ki, zəruri olan 6 səsi təmin etsin, bu halda referenduma gedəcəyik. Rəsmi şəkildə bəyan edirəm: əgər xalq yeni konstitusiyaya qarşı səs versə, yəni arqumentlərim ictimaiyyətimizi inandırmasa, referendumun nəticələrinin rəsmi elanından sonra bir həftə ərzində istefa verəcəyəm.
Həmçinin rəsmi şəkildə bəyan edirəm: əgər xalq konstitusiyanın lehinə səs versə, növbəti seçkilərdə – istər növbəti müddətli, istərsə də növbədənkənar seçkilər olsun – baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm”, – hökumət başçısı bildirib.
Paşinyanın fikrincə, müxalifət bu təklifi qəbul etməyəcək:
“Amma hər halda, bu təklifi açıq saxlayıram. Bu, açıq təklifdir və mən ona müxalifətin son dövrlərdə müxtəlif fürsətlərdə səsləndirdiyi arqumentlər kontekstində baxmaq istəyirəm. Bu insanlar əslində nə deyirlər? Onlar 2026-cı ilin iyununda keçirilən seçkilərin nəticələrini şübhə altına almaq istəyirlər”.
Polise.az



