Tramp Harrisin irqi mənsubiyyətini şərh edib: İndi də özünü qaradərili kimi tanıdır
ABŞ prezidentliyinə namizəd Donald Tramp vitse-prezident Kamala Harrisin özünü qaradərili adlandıraraq seçiciləri irqi mənsubiyyəti ilə bağlı yanıltdığını deyib.
“Polise.az” “PBS News”a istinadən xəbər verir ki, bu barədə respublikaçı namizəd Çikaqoda Milli Qaradərili Jurnalistlər Assosiasiyasında çıxış edərkən söyləyib.
Trampın sözlərinə görə, Harris keçmişdə ancaq hind mənşəyini irəli çəkib.
“O, həmişə hindmənşəli idi və o, sadəcə hind irsini irəli çəkirdi. Bir neçə il əvvəl təsadüfən qaradərili olana və indi qaradərili kimi tanınmaq istəyənədək onun qaradərili olduğunu bilmirdim. Ona görə də, bilmirəm, o hind, yoxsa qaradərilidir”, – sabiq dövlət başçısı vurğulayıb.
O, hər iki qrupa hörmət etdiyini qeyd etsə də, Harrisi “bütün yolboyu hind olmaqda və sonra anidən bundan üz döndərdiyini” bildirərək “qaradərili insana” çevrildiyini söyləyib.
Qeyd edək ki, Harris mühacir olan yamaykalı ata və hindli ananın qızıdır. ABŞ senatoru olaraq, siyasətçi Konqresdəki qaradərili fraksiyasının üzvü olub və seçki hüquqlarının gücləndirilməsinə və hüquq-mühafizə orqanlarının islahatına yönəlmiş qanunvericiliyi dəstəkləyib.
CNN Trampın sözügedən bəyanatının siyasətçinin keçmiş prezident Barak Obamanın ABŞ-də deyil, Keniyada doğulmasına dair konspiroloji iddiasını xatırlatdığına diqqət çəkib.
“The New York Times” isə yazır ki, Trampın rəqibinin irqi mənsubiyyəti ilə bağlı şübhələrinə baxmayaraq, Harris özünü çoxdan qaradərililərə aid edir.
Polise.az