TRAMP “XAOS GƏTİRƏCƏK”, HARRİS İSƏ “KÜT VƏ SAVADSIZDIR”… – Amerikalılar iki yerə bölünüb

ABŞ-də keçiriləcək prezident seçikləri yaxınlaşdıqca namizədlər və onların dəstəkçiləri bir-birilərinə qarşı ifadələrini sərtləşdirirlər. Bu isə gərginliyin daha da şiddətlənəcəyindən xəbər verir.

Vitse-prezident Kamala Harrisin Demokratların namizədi olacağına artıq heç kim şübhəylə yanaşmır. Son rəy sorğularının nəticələrinə görə, Kamala Harris az fərqlə Donald Trampın gerisindədir. Amma müstəqil analitiklər və sosial texnoloqlar kimin qalib gələcəyi barədə konkert fikir söyləmirlər və hesab edirlər ki, indiki şərtlər daxilində şanslar bərabərdir.

Demokratlar partiyasının namizədi Kamala Harrisi irəlidə çox çətin mübarzə gözləyir. Harrislə bağlı bir neçə gün bundan öncə yaranmış eyforiya və süni ajiotaj öz yerni tədricən reallığa buraxır. Onun namizədliyinin Demokratların öndə gələn nümayəndələri tərəfindən müsbət qarşılanması və qısa müddətdə seçki fonduna böyük pullar yığıldığına görə çoşqu yaşanmışdı ki, bu da tamamilə təbii haldır. Unutmayaq ki, ABŞ-nin bütün meynsrtim televiziya kanlalları və qəzetləri durmadan onu təbliğ edəcəklər.

Bəs niyə KİV-lər Demokratların mətbuat orqanı kimi davranırlar?

Əgər ABŞ-də söz azadlığıdırsa və partiyalar arasında Senatda və Nümayəndələr Palatasında demək olar ki, paritet varsa və indiyədək Respublikçılar içərisindən çoxsaylı prezidentlər çıxıbsa, onda gərək mətbuatın rəğbəti də tən yarı bölünsün. Yəni, məntiq bunu diktə edir. Məsələ ondadır ki, əsl həqiqətdə KİV-lərin və sosial şəbəkələrin əksəriyyəti ABŞ-dəki böyük maliyyə-bank quruluşları tərəfindən dəstəklənir. Onlar da öz növbələrində Demokratların himayəçiləridirlər. Lakin son zamanlar sosial şəbəkələr içərisində Respublikaçılara tərəf meyllənmə güclənib.

Mental və ideoloji cəhətdən ölkə əhalisi demək olar ki, iki yerə bölünüb. ABŞ-də Demokratlar partiyası əsas üstünlüyü böyük şəhərlərdə qazanırlar. Bunun səbəbi ABŞ iqtisadiyyatının və sosial sisteminin quruluşuyla bağlıdır. ABŞ-nin istehsal gücü aşağı düşsə də, onun maliyyə potensialı və ələlxüsus da dolların dünya ticatətindəki yeri və ehtiyat valyuta kimi istifadəsi mühüm rol oynayır.

ABŞ-də seçicilərin kimə səs verəcəyinin müəyyənləşdirilməsi əsasən “yellənən ştatlar”-da(Swing states) həlledici olur. Əgər son iyirmi ildəki seçkiləri nəzərə alsaq, bu cür təxminən səkkiz ştat var. Lakin digər ştatlarda da siyasi baxışların dəyişikliyə uğraması mümkündür.

Respublikaçıları və Demokratları bir-birindən ayıran fərqlər içərisində iqtisadi durum xüsusi önəm daşıyır. ABŞ-dəki əhalinin böyük bir kəsimi xidmət sahəsində çalışır və həm də ucuz kreditləşmə sayəsində cəmiyyətin alıcılıq qabiliyyəti yüksək səviyyədə saxlanılır. Şəhərlərdə istehsalla məşğul olmayan istehlakçılar ordusu daxili sənayenin yox, əsas etibarı ilə Çin və Avropa sənayesinin dəstəkləyicisi rolunda çıxış edirlər. Bu, onları qane edir, çünki banklar əhaliyə bol kredit verir, onlar isə real zəhmətlə qazanılmayan pullar hesabına yaşamlarını sürdürməkdən məmnun qalırlar.

Düzdür, indi ABŞ-də inflyasiya yüksəlib, alıcılıq imkanları öncəki dönəmlərlə müqayisədə zəifləyir, lakin köhnə çarx hələ ki, işləyir. Demokratlar Partiyası çalışmayan əhaliyə dövlət tərəfindən çoxçeşidli maliyyə yardımlarının həyata keçirilməsinin tərəfdarıdır.

Barak Obama dönəmində sosial proqramlar çərçivəsində işsizlərə böyük pul dəstəyinə start verilmişdi. Respublikaçılar isə etirazla deyirlər ki, bütün bunlar dövlətin və vergi ödəyicilərinin hədsiz yüklənməsinə gətirib çıxarır.

Deməli, görürük ki, əhalinin istehlak gücünü qaldırmaq üçün ona iki istiqamətdən pul axıdılır.

Birincisi, banklar tərəfindən işləyənlərə, ikincisi isə dövlət tərəfindən işləməyənlərə, daha doğrusu, işləmək istəməyənlərə pul ötürülür. İşləyənlərin pulu geri qaytarması prosesi mürəkkəb kombinasiyalar və ayrı-ayrı banklar arasındakı razılaşmalar sayəsində elə aparılır ki, kreditor arxayınlıqla daim yenidən rahat pul götürə bilsin. Federal Ehtiyatlar Sistemi bu mexanizmi ABŞ hökuməti ilə birlikdə paralel həyata keçirir.

ABŞ-də bazara dollar axıtma prosesi nəticəsində beynəlxalq ticarətdə ən çox qazanan tərəf Çin olub. Çinin böyüməsi və inkişafı məhz amerikalı istehlakçıların hesabına baş verib. Belə çıxır ki, ABŞ öz əlilə özünə qarşı strateji rəqib meydana gətirib. Ona görə də Respublikaçılar bunun dayandırılmasını istəyirlər, lakin onlar hələ ki, yeni və alternativ model təqdim edə bilməyiblər. Seçicilər üçün nəzərdə tutulan populist çıxışlar öz yerində, ancaq ortaya real konsepsiya da qoymaq lazımdır.

İndi isə namizədlərin təbliğat kampaniyasına, seçki strategiyasına, onların güclü və zəif tərəflərinə qısaca nəzər yetirək. Trampın arxasında duranlar bir çox məqamları heç də yaxşı hesablamayıblar.
Əvvəla, Respublikaçılar yaşlı namizədi irəli sürməklə, Demokratların buraxdığı səhvi təkrarlayırlar. Demokratlar onlardan fərqli olaraq, nəhayət, qoca və taqətsiz Baydendən yaxa qurtardılar.
İkincisi isə artıq amerikalılar üçüncü dəfədir ki, seçki yarışında eyni adamı – Donald Trampı görürlər. Hətta mühafizəkar baxışlı seçicilər də mütəmadi olaraq eyni simanı görməkdən yorula bilərlər…

Tramp təbliğat-təşviqat kampaniyası zamanı səvhlər edir. Ondan “Vaşinqton bataqlığı”nın qurudulması gözlənilir, lakin o, əsas hədəfi qoyub, kənarlara “atəş açır”. Tramp Kamala Harrisə qarşı birbaşa hücuma keçərək onu küt və savadsız adlandırıb. Əslində bu, heç də yararsız taktika deyil, lakin Trampın özünün təkrar-təkrar bunu söyləməsi və söhbəti lüzumsuz yerə uzatması ona ziyan gətirir. Əgər bu ritorika davam edərsə, o, çox geriyə düşücək.

Respublikaçıların güclü “hücum silahları” sırasında miqrant problemi var. Miqrant məsələsi ilə bağlı ABŞ-də həqiqətən də böyük narazılıq yaranıb.

Digər yandan, Kamala Harrisin keçmiş fəaliyyəti önə çəkilə bilər. O, Los-Ancelesdə polisin sayının azaldılması təşəbbüsü ilə çıxış etmişdi və məhz bunun nəticəsində orada cinayətkarlıq səviyyəsi dəfələrlə artıb. Demokratların sosial proqramlarının iflasa uğramasının da səbəbləri izah edilməlidir.

Hazırda amerikalıları narahat edəcək problemlərdən biri də Demokratların qalası sayılan Kaliforniya ştatında baş verənlərdir. Orada yeniyetmələr üzərində cinsin dəyişdirilməsi kimi cəmiyyətin gələcəyini təhlükəyə atacaq layihələri qanuniləşdirməklə məşğuldurlar. İlon Maskın oğlu ilə baş verənlər buna əyani sübutdur. Maraqlıdır ki, İlon Mask həmişə Demokratları dəstəkləyib və o, Barak Obamanın, Hilları Klintonun, Cozef Baydenin seçki kapmaniyasına böyük maliyyə yardımı göstərib.

Ancaq öz ailəsində yaşanan hadisədən sonra o, (Maskın yeniyetmə oğluna verilən xüsusi preparatlardan sonra onun cinsi dəyişilib) Demokratların tənqidçisinə və Respublikaçıların tərəfdarına çevrilib. Elə bu səbəbə görə də şirkətlərinin əksər hissəsini Kaliforniyadan Texas ştatına köçürməyə başlayıb.

Demokratlar isə öz növbəsində Trampın hakimiyyətə yiyələnəcəyi təqdirdə ölkənin xaosa qərq olacağını deyirlər. Təbii ki, bu, əks PR kampaniyasıdır, lakin hər halda işləyir. Demokratların seçkilərdə üstün tərəfi rəqiblərinin səhvlərindən yararlanmaq üçün çoxsaylı KİV-lərdən istifadə etmək imkanına malik olmalarıdır.

Seçkilərə hələ xeyli vaxt var və bu müddət ərzində əhalinin tərəddüddə qalan hissəsinin rəğbətini özünə tərəf çəkmək üçün siyasi texnoloji fəndlərdən məharətlə istifadə edən namizəd üstünlüyü ələ alacaq.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button