ABŞ, Aİ və Fransa Ermənistanı intensiv şəkildə silahlandırmaqla orada revanşist əhval-ruhiyyəni gücləndirir.

Dünyanın başının qarışdığı, bölgədə, Yaxın Şərqdə müharibə təhlükəsinin artdığı vaxtda Azərbaycan-Ermənistan münasibətlərinin, Zəngəzur dəhlizinin açılması istiqamətində razılığın əldə edilib-edilməyəcəyi ilə bağlı məsələlər sual doğurur.

Həm sülhün əldə edilməsinə, həm də koridorun açılmasına mane olan güclərin başı qarışmışkən hansı sürətli proseslər başladılıb, yekunlaşa bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, bu gün dünyada bütün diqqət Yaxın Şərqə yönəlib:

“HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra vəziyyət kifayət qədər gərginləşib. Böyük savaşın küləkləri əsməyə başlayıb. Yaxın zamanlarda İranın İsrailə cavab tədbiri görəcəyi də istisna edilmir. İranın İsraillə birbaşa müharibəyə başlamaq imkanları məhduddur. Quru sərhədlər olmadığı üçün rəsmi Tehran dron və raketlərlə hücum edə bilər.

Proksi qüvvələrdən də İran sözügedən prosesdə yararlanmağa çalışacaq. Xüsusilə də “Hizbullah” məsələyə daha çox qarışacaq”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı vəziyyət durğunluğa bənzəyir:

“Ermənistanın arxasında duran qüvvələr ABŞ, Aİ və Fransa bu ölkəni ciddi şəkildə silahlandırır. Bu da Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirməyə yönəlib. İrəvanı sülh müqaviləsindən yayındıran əsas nüans da budur.

Belə bir məqamda Azərbaycanın Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmək, yaxud da Zəngəzur dəhlizinin açılması istiqamətində addım atacağını düşünmürəm. Bəzi qüvvələr noyabrda keçiriləcək COP29 sammitindən ölkəmizə qarşı istifadə etməyə, təzyiqlər göstərməyə çalışacaqlar. Hətta ABŞ, Fransa və bir neçə ölkə rəsmiləri sözügedən sammitin ölkəmizdə keçirilməsinə qarşı boykot etməyə çağırışlar edirlər. Buna əsas səbəbi kimi Bakıda saxlanılan keçmiş Qarabağ xunta rejiminin seperatçıları və hərbi cinayətkarlar, Aİ və Qərbin bir çox dairələrində Qarabağ erməniləri ilə bağlı məsələlər manipulyasiya edilməyə başlayıb”.

Oqtay Qasımov vurğulayıb ki, Ermənistan ordusunun son bir ayda Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlara rəsmi Bakı təmkinli yanaşır:

“İrəvanı təxribatlardan əl çəkib danışıqlar masasına qayıtmağa çağırır. Azərbaycan COP29-a qədər prosesə çox təmkinli yanaşacaq. Lakin bunun da bir həddi var. Ermənistan qırmızı xətti keçərsə, təxribatların şiddəti artarsa, Bakı adekvat cavab verəcək. Bu mövqe Müdafiə Nazirliyinin son bəyanatında açıq şəkildə qeyd edilib.

İlin sonuna qədər sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Ən optimist ehtimallarla əgər ABŞ Ermənistana təzyiq etsə, Bakı və İrəvan arasında razılaşdırılmış məsələlər üzrə çərçivə sənədi imzalana bilər. Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmayana qədər sülh müqaviləsinin imzalanması mümkün deyil”.

Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün müəyyən şərtlər də var:

“Kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya-demarkasiya edilməsi, işğal altında olan 4 kəndin ölkəmizə geri qaytarılması, minalanmış ərazilərin xəritələrinin verilməsi və s. kimi məsələlər buna daxildir”.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button